Mart ayının 28-də Ali Baş Komandan Prezident İlham Əliyev Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilmiş Məsim Məmmədovu qəbul etdiyi zaman çıxışında qeyd etdi ki, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. “O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək”.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim tipi üstündür.
Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Laçın hava limanının əhəmiyyəti ölkəmiz və region üçün yükdaşımaların asanlaşmasında olduqca mühüm yer tutur. Xüsusilə beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyət kəsb edən Laçın hava limanı istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına imkan yaradacaqdır. Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
Elman Quliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri