Dövlət müstəqilliyimizin bərpasının ilk illəri iqtisadi tənəzzül, erməni işğalı, digər daxili və xarici təsirlərlə müşayiət olunurdu, ölkə xaos içərisində idi, erməni işğalına qarşı mütəşəkkil mübarizə aparılmırdı. Faktiki olaraq işğala məruz qalan Azərbaycan haqq səsini beynəlxalq arenaya çıxara bilmirdi, ermənilərin yaratdığı informasiya blokadası həlqəsində sıxılaraq çıxılmaz vəziyyətdə qalmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə bütün sahələrdə ciddi dönüş baş verdi. İqtisadi-sosial islahatların uzunmüddətli proqramı hazırlandı və mərhələli olaraq həyata keçirilməyə başlanıldı. Azərbaycanın müstəqilliyinin qorunmasına hədəflənən neft strategiyası quruldu və az bir vaxtda bu strategiya ölkəyə beynəlxalq nüfuz gətirən inkişafa şərait yaratdı. Uzaqgörən xarici siyasət kursu ölkənin haqq səsinin də eşidilməsinə imkanı verən beynəlxalq auditoriyanın qazanılmasına səbəb oldu. Bir sözlə, ümummilli liderin apardığı məqsədyönlü siyasət nəticəsində siyasi və iqtisadi tərəqqi başladı, ölkə tənəzzüldən çıxaraq inkişafa qədəm qoydu. Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyinə inteqrasiya sahəsində inanılmaz nailiyyətlərə imza atıldı. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrildi. Bu gün bütün dünya ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri kimi tanıyır. Bütün bunlar xaricdə yaşayan soydaşlarımızın fəallaşması və təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsi ilə müşayiət olunur.
Bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Bu baxımdan, tam əminliklə söyləmək olar ki, cənab prezidentin müəyyən etdiyi hədəflərə də qısa müddətdə çata biləcəyik. İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin və Prezidentimizin müəyyən etdiyi yolda inamla addımlayacaq və Azərbaycan diasporunun fəaliyyəti daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlətimizin başçısının, sayı 50 milyona çatan dünya azərbaycanlılarının liderinin tövsiyəsidir.
Dünya Həziyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü