Mətin addımlarla addımlayan qüdrətli Azərbaycan Ordusu

Bu günlərdə Erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarına növbəti təcavüzündən sonra “Dəmir Yumruq” adı altında başladığımız və 44 gün ərzində qarşı tərəfi kapitulyasiya məcbur etdiyimiz haqq savaşının başlanmasının ikinci il dönümü qeyd edilir. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Azərbaycan Ordusunun en¬dirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı, Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçır¬ma və fərarilik halları geniş vüsət aldı. Bu 44 gün ərzində Azərbaycan Ordusunda isə bir dənə də olsun fərarilik faktı qeydə alınmadı. Əksinə nəinki gənclərimiz, əli silah tuta bilən insanlarımız, hətta fiziki sağlamlığı imkan verməyən vətəndaşlarımız belə haqq savaşında iştirak etmək üçün hərbi komissarlıqlar qarşısında növbəyə dayandılar.

İmzalanan təslim aktına əsasən, işğalçı Ermənistanın qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun gücünün, qüdrətinin təzahürü idi. Cənab Ali Baş Komandanın qeyd etdiyi kimi Azərbaycan Ordusu 44 gün ərzində bir gün belə olsa dayanmadı, əzmlə, fədakarlıqla, durmadan düşmənin üzərinə yeridi. Qəhrəman əsgərlərimiz torpaqlarımızın hər qarışı uğrunda igidliklə mübarizə apararaq, onu işğalçı düşməndən təmizlədi və xalqımızın qürurunu bərpa etdi. Mübariz Ordumuzun qətiyyətli addımlarının arxasında dayanan nə idi? Bir gün belə durmadan irəli addımlayan, torpaqlarımızı azad edən, erməni ordusunu vahiməyə salan Azərbaycan əsgəri bu gücü, qüvvəni haradan alırdı?

-Əminliklə deyə bilərik ki, qəhrəman əsgərlərimizin mətin addımlarının arxasında Azərbaycan xalqı var idi, O, xalq ki, kiçikdən böyüyə hər bir vətəndaşı səfərbər olmuşdu. O addımların arxasında öz təqaüdünü cəbhəyə göndərən ağsaqqallar, övladının şəhid xəbərini eşidərək “ Vətən sagolsun” deyən atalar, analar dayanırdı. O addımların arxasında öz uzaqgörən siyasətilə Erməniləri və onların havadarlarını daim siyasət meydanında məğlub edən, sosial-iqtisadi, ordu quruculuğu və bütün digər sahələrdə mühüm uğurlara imza atmış müzəffər Ali Baş Komandan İlham Əliyev dayanırdı. Məhz peşəkar Azərbaycan ordusunun, qəhrəman xalqımızın və qətiyyətli liderimizin sayəsində Azərbaycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Vüqar Dadaşov

YAP Neftçala rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir