Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tariximizə 30 il həsrətində olduğumuz Böyük Qələbə zəfərini yazdı. Ölkəmiz sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa, ümumilikdə işğal altında olan 300-dən çox yaşayış məntəqəmiz hərbi yolla düşməndən azad edildi. Təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyi məğlubiyyəti rəsmən qəbul edərək, 10 noyabr tarixli Kapitulyasiya aktını imzalamağa  məcbur oldu. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasını özü reallaşdırdı. Eyni zamanda, Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla, bir güllə atmadan, bir şəhid vermədən Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə nail olmaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Beləliklə, sentyabrın 27-dən başlayan Zəfər yürüşü nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu.Bu gün biz məhz bu kimi ölçülü-biçili addımların sayəsində dünyanın qalıb xalqları sırasındayıq. Lakin qəbul edirik ki, qələbənin ağrılı-acılı tərəfləri də olur. Bizlərə bu qələbəni həyatları, canları bahasına yaşadanlar, hər zaman ruhları qarşısında baş əydiyimiz şəhidlərdir. Bu gün dövlət hər vasitə ilə öz vətəndaşının, öz qələbə təminatçısının yanında olmağa çalışır.Beləki, düşmən hərbi təxribatları ilə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılır. Bu məsələlər şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Ölkə başçısı hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd qoyur. Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi hər zaman Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilib. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Bu gün bu münasibət Dövlət başçımızın simasında özünün ən yüksək zirvəsindədir. Cənab Prezident İlham Əliyevin ədalətli, dostpərvər, etibarlı Lider olmasının bəhrəsi idi ki, bu gün Ölkəmizə dünyada bəzi ədalətli siyasətləri ilə seçilən dövlətlər dost kimi, etibarlı tərəfdaş kimi yanaşırlar. Qardaş Türkiyənin ölkəmizə əvəzsiz mənəvi dəstəyi, Pakistan, İsrail kimi dövlətlərin dəstəkləri bizə bu müharibədə əlavə inam və ruh verdi. Qardaş Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə cəmiyyətinin nüfuzlu simaları müharibənin ilk dəqiqələrindən Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları, qardaşlarımız Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər. Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və regionun inkişaf dolu gələcəyi üçün birgə çalışan başqa iki ölkə yoxdur. Bu, ilk növbədə, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən gəlir. Amma etiraf edək ki, dünyada tarixi bağlılıqlar etibarilə bir-birinə çox yaxın olub, amma müasir reallıqlardan irəli gələn hansısa maraqlara görə bir-birinə düşmən kəsilən, hətta qanlı müharibələr aparan xalqlar, dövlətlər də var. Ona görə hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olmasının bir əsas səbəbi də iki ölkənin dövlət rəhbərlərinin dostluq, qardaşlıq münasibətləridir.

Həsənli Sevinc
Neftçala rayon sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir