Loading

YAP Neftçala rayon təşkilatının 1993-cü ildən üzvü olan veteranı , I Qarabağ müharibəsi şəhidi Mehman Səfərovun anası, rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olmuş Gülnaz Səfərovanın 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada olan Ərazi Partiya təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, Gündoğar qəzetinin redaktoru və Ərazi Partiya təşkilarlarının sədrləri iştirak etmişdilər.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək şəhid anası Gülnaz Səfərovanı rayon təşkilatı adından təbrik edərək onun haqqında xoş arzularını bildirmişdir. Ülvi Fərzəliyev şəhid anasının Yeni Azərbaycan Partiyasının üzvü olaraq rayonun ictimai-siyasi həyatında, eyni zamanda, YAP Neftçala rayon təşkilatının həyatında yüksək xidmətlərinin olduğunu vurğulamışdır. Ülvi Fərzəliyev şəhid Mehman Səfərovun timsalında torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş, sağlamlığını itirmiş qazilərimizə şəfa, müharibə iştirakçılarına can sağlığı arzulamışdır.

Sonra gimnaziyada yerləşən Ərazi Partiya təşkilatının sədri Aytəkin Mahmudova Gülnaz Səfərovanın həyat və fəaliyyəti, şəhid Mehman Səfərovun qəhrəmanlıqları və döyüşlərdə göstərdiyi şücaətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, öz xoş arzularını çatdırmışdır.

Tədbirdə çıxış edənlər yubilyar haqqında xoş arzularını bildirərək onun haqqında xoş təəssuratlarını bölüşmüşdülər. Gülnaz Səfərovanın əzmkar, əməksevər, mərd bir qadın olaraq dövlətə və dövlətçiliyə sadiq bir insan olduğu çıxışçılar tərəfindən qeyd edilmişdir.

Şəhid anası Gülnaz Səfərova çıxış edərək fəaliyyətinə yüksək qiymət verildiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, tədbirin təşkil olunmasına görə YAP Neftçala rayon təşkilatına və Ərazi Partiya təşkilatına öz təşəkkürünü, eyni zamanda tədbir iştirakçılarına haqqında söylədikləri xoş sözlər və səmimi arzulara görə minnətdarlığını bildirmişdir.

Sonda şəhid anasına hədiyyələr təqdim olunmuş və şəhid Mehman Səfərovun gimnaziyanın həyətində ucaldılmış büstünün yanında xatirə şəkli çəkdirilmişdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir