Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü çox mühüm rəmzi məna daşıyır. Qarabağ münaqişə həll olunana qədər ölkə başçısı öz doğum günlərində işğal olunmuş ərazilərimizdən olan məcburi köçkünlərlə, şəhid ailələrinin üzvləri ilə görüşürdü. Əslində bu görüşlər rəmzi məna daşımaqla bərabər çox böyük mesajlar da verirdi. Qərbi Azərbaycan İcmasının ziyalıları ilə keçirilən görüş də məhz bu qəbildəndir. Qərbi Azərbaycan İcması cari ilin avqust ayında əvvəlki Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında formalaşmışdır. İcma nümayəndələri görüşdə Prezident İlham Əliyev tarixi faktlara əsaslanaraq çox geniş, eyni zamanda proqram xarakterli nitq söylədi. Ölkə başçısı bildirdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
Prezident İlham Əliyev görüşdə həmçinin Laçın rayonunda baş verən hadisələrə münasibət bildirərkən söyləyib ki, “bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Milyonlarla azərbaycanlının illər boyu içindən gələn, hər zaman müzakirə etdiyi məsələni ölkə başçısı qəti və konkret şəkildə bəyan etdi. Bu fikirlər isə artıq qüdrətli Azərbaycan dövlətinin mövqeyidir.Bu sözlər təkcə ermənilərə xəbərdarlıq deyildi, həmdə Azərbaycan xalqı üçün özünə qayıdış çağırışı idi. Çünki, Azərbaycan tarixinə bələd olan hər bir kəs Qərbi Zəngəzur, Göycə mahalı və digər ərazilərin qədim Azərbaycan torpaqları olduğunu çox gözəl bilir. Ölkə büşçısının son bəyanatı hər bir azərbaycanlı üçün bir fəaliyyət proqramıdır.Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı olan Qərbi Azərbaycan bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Qərbi Azərbaycanın, o cümlədən Zəngəzur mahalının qədim Azərbaycan torpağı olması, sakinlərinin isə türk qəbilə tayfalarından ibarət olması tarixi faktlarla, xüsusilə toponimik adlara təsdiqini tapmışdır.Zəngəzura qayıdışın yolu torpaqlarımızın işğaldan azad edilməsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından keçirdi.
44 günlük İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, Ermənistanın hərbi-siyasi məğlubiyyətə uğradılması bütün məziyyətləri ilə yanaşı, prezident İlham Əliyevin siyasi müdrikliyinin, qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin təntənəsi oldu.
Nigar Abdullayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü