Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir. Oktyabrın 24-də Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir.
Oktyabrın 24-də Mçxeti rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Çıxış edən Cənab Prezidentimiz İlham Əliyev bəyanatında bildirib ki, “İkitərəfli gündəliyimizdə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var”.
Nəticə olaraq demək olar ki, Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Azərbaycan-Gürcüstan əlaqələri bölgə, Avropa və dünya üçün əhəmiyyətlidir.
Ülvi Nəhmədzadə
YAP Neftçala rayon təşkilatının Qaçaqkənd kənd ərazi partiya təşkilatının sədri