Ölkəmiz müstəqilliyini yenidən bərpa etdiyi ilk günlərdən, istər daxili siyasi çəkişmələr, böhran, istərsə də ölkənin iqtisadi potensialının tamamilə məhv olması Azərbaycanın kənar müdaxilələrə qarşı müqavimətini sıfıra endirdi. Bunula da ərazi bütövlüyümüz kölgə altına alınmış oldu. Son nəticədə qəsbkar, mənfur niyyətli qonşumuz olan Ermənistan tarixi, hüquqi torpaqlarımızın 20 faizindən çoxuna sahiblənə bildi. Ermənistanın Azərbaycana qarşı açıq şəkildə elan etdiyi qəsbkar müharibənin nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan, o cümlədən Ermənistandan ümumilikdə bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmin dönəmlərdə xalq tam ümüdsüzlük içində idi. Lakin Xalqın ümüd yeri Ümummilli Lider Heydər Əliyevin təkidli tələblə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, müharibədə məğlubiyyətimizin başlıca səbəbi olan ordu quruculuğuna start verildi, ölkənin iqtisadi potensialı artan temp üzrə inkişaf etməyə başladı. Bu gün əminliklə deyə bilirik ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi, güclü, dönməz siyasi iradəyə malik Lideri vardır. Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılan dövlət quruculuğu, iqtisadi və siyasi sahədə reformlar, o cümlədən müasir ordu quruculuğu cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş, daha böyük uğurlara imza atılmışdır. Cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xəttin əsas prioritet istiqaməti hər zaman işğal altında olan torpaqlarımızın qeyd-şərtsiz sülh yolu ilə geri qaytarılması olub. Düz 30 ilə yaxın bir dövr ərzində bu istiqamətdə istər ikitərəfli, istərsə də beynəlxalq sülhyaratma təşkilatlarının birgə iştirakı ilə yüzlərlə diplomatik görüşlər keçirilmiş və müəyyən razılaşmalar əldə olunaraq sənədlər imzalanmışdır. Lakin qarşı tərəf, işğalçı Ermənistan hər macalda bu razılaşmaları bilərəkdən pozaraq sülhyaratma prosesinə əngəl olmağa çalışmışdır. Aparılan sülh danışıqlarına rəğmən Azərbaycan tərəfi eyni zamanda ölkədə ordu quruculuğu prosesini də paralel olaraq ən yüksək səviyyədə aparırdı. Qeyd etməliyik ki, Ermənistanın hərbi cinayətkar xuntası son illər nəinki sülh danışıqlarınından boyun qaçırır, hətta bir qədər irəli gedərək “Qarabağ Ermənistandır və nöqtə”, ”yeni torpaqlar üçün yeni müharibə” kimi sərsəm çağırışlar etməkdən belə çəkinmirdi. Bütün bu kimi amilər Ermənistanın iç üzünün açıq aşkar əyani göstəricisi idi. Bunlar onun göstəricisi idi ki, Ermənistan tərəfinin regionda sülhün təmin olunmasında qətiyyən marağı yoxdur, əksinə onlar yeni münaqişə ocaqları yaratmaqla münaqişənin həllini bilərəkdən uzatmağa çalışırdılar. Qoşunların təmas xəttində 2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq təxribatlara əl atması artıq Azərbaycan xalqının səbr kasasını daşırdı. Xalq “Dəmir Yumruq” halında birləşərək vandal toplumu bir dəfəlik öz dədə-baba torpaqlarımızdan qovmaq üçün bir oldu. Vətənə sevgi, ərazi bütövlüyünün bərpa olunması istəyi, illərcə gözlənilən ədalətin bərqərar olunmasında iştirakdan duyulan qürur və şərəf hissi ilə Azərbaycan Ordusu 44 gün ərzində mənəvi üstünlük və şücaət nümayiş etdirərək 30 illik torpaq həsrətinə son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan tərəfi ağır məğlubiyyətə düçar oldu. Düşmənin noyabr ayının 10-da faktiki kapitulyasiya aktına imza atmaqdan savayı seçimi qalmadı. Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”. Bu gün, dünyanın bir çox hərb məktəbləri “Dəmir Yumruq” əməliyyatlarını öyrənir. Bu Qələbə təkcə bizim şərəf məsələmiz deyildi, həm də Azərbaycan xalqının necə bir qəhrəman xalq, millət olduğunu, öz Lideri ətrafında bir yumruq kimi birləşməsinin bütün dünyaya nümayişi idi.
İdris Xammədov;
Neftçala rayon sakini, Vətən Müharibəsi iştirakçısı