Loading

Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından, ölkə əhalisinin həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsindən, respublikamızın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada yer almasının təmin olunmasından ibarətdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox Dövlət proqramları təsdiq edilmişdir. Qəbul edilmiş hər bir Dövlət Proqamının uğurlu icrası nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyat inkişaf etdirilmiş, şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, əhalinin rifah halı yüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbulu bölgələrin inkişafında yeni mərhələnin əsasını qoyur, xüsusilə kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir.      Ölkəmizdə idarəetmə sahəsində kadr islahatları çox uğurla həyata keçirilir. Dövlətimizin başçısı bu sahəyə xüsusi diqqət göstərir. Son illərdə aparılan yeni kadr təyinatları buna misaldır. Dövlət başçımızın rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi regionların tərəqqisi ilə yanaşı, vətəndaş rifahına verilən yüksək dəyəri nümayiş etdirir. Prezident İlham Əliyev 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinə yeni təyin edilmiş başçıları qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən bəhs edərək bildirmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. İnfrastruktur layihələr davamlı icra olunur. Cənab Prezidentin çıxışında diqqət çəkən bir məqam da şəhid ailələrinə göstərilən münasibət oldu. Ölkə başçısı bir daha qeyd etdi ki, şəhid və qazi ailələrinə rayonlarda, ümumiyyətlə heç bir yerdə laqeyd münasibət olmamalıdır. Yəni dövlət səviyyəsində qazi və şəhid ailələrinə necə münasibət göstərilirsə, rayonlarda da onlara qarşı bu cür münasibət olmalıdır. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur.Heç kəs unutmamalıdır ki, qəhrəman əsgər və zabitlərimiz hesabına biz 30 il işğalda olan ərazilərimizi düşməndən azad etdik. Onlar həmin torpaqlarımıza görə canlarını fəda etdilər və sağlamlıqlarını itirdilər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Bu məsələdə heç bir neqativ hallara yol vermək olmaz. Çünki bu bizim həm dövlətimizə yaraşmayan hərəkətdir, həm də neqativ hallar tez ictimailəşir və nəticəsi də ağır olur. Biz müzəffər, qalib xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, ədalətsizlik, vətəndaşların dövlətdən narazı qalması kimi hallar olmasın.

Əfsanə Abdullazadə;

              Neftçala rayon gənci

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir