Azərbaycan-Gürcüstan əməkdaşlığını xarakterizə edən ən əsas məqamlardan biri çox önəmli layihələrin birlikdə reallaşdırılmasıdır. Həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bildiyimiz kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmiz son illər həyata keçirdiyi layihələr hesabına xüsusilə dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir və bu istiqamətdə artıq ciddi işlər görülüb. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz daha geniş bazarlara çıxmaq və böyük itisadi dividentlər qazanmaqdır. Qeyd edək ki, hazırda Ölkəmizin imkanları buna kifayət qədər çatır. Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaqdır. Əlbəttə ki, Azərbaycanın əsas ixrac kəmərləri məhz qoşu Gürcüstanın ərazisindən keçir. Gürcüstan da öz növbəsində Azərbaycan üçün transit rolunu oynamaqla güclü iqtisadiyyata malik dövlətimizin imkanlarından bəhrələnir. Deyərdim ki, Azərbaycanla Gürcüstanı bu kimi məsələlər strateji tərəfdaş səviyyəsinə ucaldıb. Cənab Prezident İlham Əliyevin bu günlərdə Gürcüstana etdiyi işgüzar səfəri ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini bir daha nümayiş etdirmiş oldu. Qeyd edək ki, səfər çərçivəsində bu məsələ xüsusi diqqət mərkəzində oldu. Yəni qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var. Sadəcə, fikrimizi ümumiləşdirsək deyə bilərik ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir. Bundan əlavə ticarət dövriyyəmizin artması sevindirici haldır. Əminliklə deyə bilərik ki, cənab Prezidentin Gürcüstana 24 oktyabr səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verdi. Vurğulayaq ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Artıq ən yüksək səviyyədə elan edilib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bu iki ölkə bir-birini dəstəkləyir. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Dünyamalı Məmmədov;
Neftçala rayon ziyalısı, həkim