Azadlıq, müstəqillik, bütöv Vətən asanlıqla əldə edilmir. Ətrafında olan torpağına gözdikənlərlə daima mübarizə aparmalı olursan. Bu mübarizədə qalib gəlmək üçün müdrik, uzaqgörən lider olmalıdır ki, apardığı mübarizədən qalib ayrıla bilsin. Əlbəttə, biz bu gün belə bir xarakter və keyfiyyətlərə malik liderə sahibik. Apardığımız mübarizənin qələbə ilə bitməsinin başlıca səbəblərindən biri ölkə rəhbərinin nəyi nə zaman və necə edəcəyi haqqında düzgün qərar verməsi idi.
200 ildən çox davam edən bir dövr ərzində Azərbaycan ərazisinə tamah salan qonşuların əhatəsində parçalandı, torpağı bölüşdürüldü. Ən son nöqtə isə Azərbaycan müstəqillik qazandıqdan sonra mənfur düşmənimiz ermənilərin ölkəmizə qarşı Qarabağa sahib olmaq üçün elan edilməmiş müharibəyə başlaması oldu. Qarabağla yanaşı yeddi ətraf rayon da qəsbkarlar tərəfindən işğal edildi. İşğal nəticəsində bir milyondan çox həmyerlimiz qaçqın düşdü, minlərlə vətəndaşımız şəhid, əlil oldu, itkin düşdü. İşğalın ən ağır nəticəsini Xocalı sakinləri yaşadı. “Xocalı faciəsi” tarixdə misli görülməmiş vəhşiliklər, ağıla sığmayan qəddarlıq və qeyri-insani cəza üsulu ilə törədilmiş faciə idi. Bu təkcə azərbaycanlılara qarşı deyil ,eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayyət idi.
Bütün bunların canlı şahidi olmuş xalqın ən böyük silahı düşmənə nifrət hissi idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirilən tədbirlər və başlanan quruculuq işlərinin ana xəttini torpaqlarımızın işğaldan azad olunması və şəhidlərimizin qisasının alınması təşkil edirdi. Ordu quruculuğu, gənclərin vətənpərvərlik ruhda böyüdülməsi yönündə atılan addımlar Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Düşmən tərəfinin ayrı-ayrı vaxtlarda törətdikləri təxribatlar hər dəfəsində onların öz məğlubiyyəti ilə nəticələndi. Bu təxribatların ən böyük miqyaslısı 2020- ci 27 sentyabr tarixində baş verdi. Əksər dövlətlərin qarşı çıxmasına, hətta hədə-qorxusuna rəğmən xalqa arxalanan cənab Prezident İlham Əliyev düşmənə layiqli cavab verilməsi qərarını verdi. Sanki xalq da bu qərarı gözləyirdi. Hərkəs bir amal üçün bir yumruqda birləşdi. Bu həmin “Dəmir yumruq” idi ki, düşmənə sarsıdıcı zərbələr vurdu. Bu həm də şəhid olmuş bacı-qardaşlarımızın qisası idi. Yüksək əhval ruhiyyə ilə döyüşə qatılan oğullar zəfərlə geri döndülər. Heç bir müstəqillik, azadlıq, bütövlük asan əldə edilmədiyi kimi biz də bu Zəfəri asanlıqla əldə etmədik. Vətən Müharibəsinə yollanan igidlərdən 3000 nəfərə yaxınını şəhid verdik, minlərlə oğullarımız qazi oldu. 44 günlük müharibədə şəhid olanlara dərin ehtiram əlaməti olaraq Cənab Prezident İlham Əliyev 27 sentyabr – Vətən Müharibəsinin başlandığı günü Anım günü kimi qeyd ediliməsi haqqında Sərəncam imzaladı. Bu qərar şəhidlərin ruhuna, onların yaxınlarına göstərilən ehtiram əlaməti idi. Şəhidlərimizin adına inşa edilmiş bulaqlar, onlar üçün ucaldılan abidələr dövlət və xalq tərəfindən şəhidlərə göstərilən dəyər və qiymətin göstəricisidir. Bütün bunlar təkcə Vətən Müharibəsi şəhidləri üçün nəzərdə tutulmur, ümumilikdə I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərini əhatə edir. Bütün şəhid ailələri və qazilər dövlətin qayğısını hər zaman hiss edib və görülən tədbirlərlə hər zaman da hiss edəcəklər. Bu diqqət dövlətin qarşısına qoyduğu ən öndə məsələlərdən biridir. Şəhid ailələrinin evlə təmin olunması və ya ev şəraitinin yaxşılaşdırılması, qazilərimizin sağlamlıq durumlarının nəzarət altında saxlanılması, əzalarını itirmiş hərbi qulluqçuların protezlərlə təmin edilməsi bu məsələlərə daxildir.
Düşmən düşməndi, hər zaman öz xislətində, məkrliliyində qalacaq, bizim birliyimiz də daima olub “Dəmir yumruq”da birləşəcək, düşmən isə bunu iliyinə qədər hiss edəcəkdir. Biz Zəfər qazandıq, zəfərimizin əbədi olması üçün də bir yumruq altında daim birləşməyə hazırıq. 44 günlük Vətən müharibəsini bizim şanlı tariximiz kimi dəyərləndirən Ölkə başçısı, xalqın Lideri, cənab İlham Əliyevin fikri ilə desək: “Qələbəmizin qazanılması, məhz birliyimizin, misilsiz gücümüzün nəticəsidir. Xalqımız birləşərək bu Qələbəni şərtləndirdi”. Bəli, bu gün məhz xalqımızın sarsilmaz gücü, millətimizin milli birliyi, siyasi həmrəyliyimiz sayəsində Qələbəmizin, böyük Zəfərin təntənəsini yaşayırıq!
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının
təşkilati işlər üzrə məsləhətçisi