Azərbaycan dövləti bu gün uğurla reallaşdırdığı beynəlxalq təşəbbüslər, yerinə yetirdiyi tarixi əhəmiyyətli layihələr, dünyada sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrlə qlobal təhlükəsizlik və inkişaf sistemində mühüm yer tutur. Qlobal qiymətləndirmə indekslərində ölkəmizin ildən-ilə irəlilələməsi bunun əyani sübutudur. Elə Dünya İqtisadi Forumunun bu günlərdə elan etdiyi “Qlobal Rəqabətlilik İndeksi” də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf və köklü islahatlar kursuna beynəlxalq aləmin obyektiv qiyməti idi. Məlum olduğu kimi, Azərbaycan bu hesabatda ötən illə müqayisədə 11 pillə irəliləyərək “Qlobal Rəqabətlilik İndeksi”ndə 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Əlamətdar haldır ki, Azərbaycan bu hesabata əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdədir. Ölkəmizi belə bir səviyyəyə yüksəldən davamlı islahatlar kursunun real nəticələridir. Azərbaycanın müasir inkişafının təməlində dayanan enerji sektoru da bu sahədə aparılan islahatlarla ölkənin daha rəqabətqabiliyyətli göstəriciləri üçün əsaslı zəmin formalaşdırır.
Prezident İlham Əliyev 21 dekabr tarixində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşü zamanı bildirmişdir ki: Gələn ildən Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacaq. Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir.
Dövlətimizin başçısı qeyd edib ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb. “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.
Aparılan islahatlar çərçivəsində həyata keçirilmiş mühüm tədbirlərdən biri Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasıdır. Agentliyin fəaliyyəti nəticəsində əvvəlki dövrlərlə müqayisədə enerji təchizatında bir sıra proseslər sadələşdirilib, şəffaflıq və çeviklik təmin edilib, xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin edən addımlar atılıb, müvafiq sahənin tənzimlənməsinə və istehlakçıların mənafeyinin qorunmasına xidmət edən qaydalar hazırlanıb. Hazırda baxılmaqda olan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanunun qəbulu isə imkan verəcəkdir ki, elektrik enerjisi bazarının mühüm iştirakçısı kimi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tənzimləyici funksiyalarını daha effektiv şəkildə yerinə yetirərək, elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində münasibətlərin müasir dövrün mütərəqqi tələblərinə uyğun inkişafını təmin etsin.
Bağırov Mirsəfər,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilat sədrinin müavini