Azərbaycan-Türkiyə dostluğu bütün dünyanın həsəd apardığı, qibtə etdiyi dostluqdur. Bu dostluğun kökü uzaq keçmişə, qədimlərə gedib çıxır. Təməlində milli, dini dəyərlər, dil, adət-ənənə eyniliyi, mədəni və mənəvi birlik dayanır. Əsrlərin sınağından çıxmış bu dostluq, birlik, bu gün də davam edir, yeni imtahanlardan keçir, gündən-günə möhkəmlənir, yeni səviyyəyə yüksəlir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluqları və qardaşlıqları dövlətlər arasındakı səmimi və doğma münasibətləri də tarixinin ən yüksək məqamına, indiyədək görünməmiş qardaşlıq mərtəbəsinə ucaltmışdır. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi . Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” oldu . Hazırda inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri Azərbaycanla bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək. Keçmiş qaçqınların qayıdışı üçün Azərbaycan dövləti əlindən gələni edir və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər. Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Vətən müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
İldırım Zeynallı ,
YAP Neftçala rayon təşkilatı
Ərazi Partiya təşkilatının sədri