Ulu Öndər Heydər Əliyevin Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən (29 dekabr 2000- ci il)
Xalqların milli varlıq və özünüdərkinin parlaq təcəssümünə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının formalaşması bir qayda olaraq xarizmatik liderlərin adı ilə bağlı olur. XX əsrdə taleyin Azərbaycana bəxş etdiyi Heydər Əliyev dühası da məhz belə fenomenal liderlərdən olaraq müstəqil dövlətçilik konsepsiyasını irəli sürmüş, xalqın gələcək inkişaf yolunu müəyyənləşdirməklə əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin hər iki mərhələsində bütün varlığı ilə sevdiyi Azərbaycanı çox çətin sınaq və imtahanlardan üzüağ çıxarmış, milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir.
Ümummilli lider Heydər Əliyev 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına dərin məzmunlu müraciətində xalqın ötən yüzillikdə keçdiyi kəşməkəşli və şərəfli yola, ən müxtəlif sahələrdə qazandığı uğur və nailiyyətlərə tarixi-politoloji aspektdə nəzər salmış, qloballaşma proseslərinin daha da genişlənəcəyi yeni əsrdə qarşıda duran vəzifələrdən söz açmışdır: “İki əsrin şahidi olmaq səadəti hər insana nəsib olmur. Bu, bizim payımıza düşübdür. Azərbaycanda bu gün XIX əsrdə anadan olmuş xeyli insan da yaşayır. Deməli, onlar bu tarixi anda üç əsrin şahidlərinə çevriliblər. Bizim gənc nəslin nümayəndələri, əlbəttə ki, xüsusi hisslər keçirirlər və XXI əsrdə Azərbaycanın layiqli vətəndaşları olaraq bu tarixi günləri dönə-dönə xatırlayacaqlar. Orta nəslin nümayəndələri isə yeni əsrə, yeni minilliyə XX əsrin bir çox hadisələrinin bilavasitə iştirakçısı və şahidi olaraq qədəm qoyurlar. Beləliklə, zamanın və tarixin bu nadir anları, əslində, bütün nəsilləri tarixə qovuşdurur… Başa vurduğumuz yüzillik bəşəriyyətin yaddaşında sürətli elmi-texniki tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutu və yeni suveren dövlətlərin yaranması ilə, “soyuq müharibə”nin doğurduğu gərginliklə, sülh, sabitlik və əmin-amanlıq naminə göstərilən kollektiv səylərlə qalacaqdır”.
XX əsr bəşər tarixində nə qədər mühüm hadisələrlə zəngin olsa da, qətiyyətlə demək olar ki, bu əsri səciyyələndirən, onun simasını müəyyən edən başlıca cəhət elmi-texniki tərəqqinin misli görünməmiş böyük vüsət alması olmuşdur. XX əsrdə əldə edilmiş bütün elmi-texniki nailiyyətlərin təməlində isə məhz neft durur. Enerji mənbəyi, yanacaq məhsulu kimi nefti əvəz edə biləcək müxtəlif maddələr və üsullar tapmaq yolunda aparılan axtarışlarda bir çox uğurlar qazanılsa da, təbiətin bəşəriyyətə bəxş etdiyi bu olduqca əlverişli xammalın tam ekvivalenti hələ ki, tapılmamışdır.
Neftin elmi-texniki tərəqqidə, dünya iqtisadiyyatının inkişafında oynadığı böyük rol XX əsrdə onu ayrı-ayrı ölkələrin daxili və xarici siyasətinin beynəlxalq siyasətin təsirli amillərindən birinə, mühüm coğrafi-siyasi və coğrafi-strateci amilə çevirdi. Neft mənbələri, neft bazarları uğrunda gedən kəskin mübarizə dünyada qüvvələr nisbətinin formalaşmasına, beynəlxalq siyasətin gedişinə öz güclü təsirini göstərdi. Tarixin belə bir təəssüf doğuran gerçəkliyi də var ki, bəzi neftçıxaran ölkələr bu qiymətli sərvətdən öz xalqlarının firavanlığı və tərəqqisi üçün istifadə etmək imkanından uzun illər ərzində mərhum olmuş, böyük dövlətlərin güclü təzyiqi nəticəsində müstəqil siyasət yeritmək imkanını itirmişlər. Həmin ölkələrin xalqları öz təbii sərvətlərinin tam sahibi olmaq uğrunda həmişə mübarizə aparmış və öz məqsədlərinin həyata keçirilməsinə bu və ya digər dərəcədə nail olmuşlar.
Azərbaycan xalqının da azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məqsədlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir.
XX əsrdə Azərbaycanın neft hasilatı, o cümlədən Xəzər dənizində neftçıxarma sahəsindəki uğurları yüksək qiymətə layiqdir. Dünyada neft hasilatı sahəsində həyata keçirilmiş işlərin bir çoxu öz başlanğıcını Azərbaycandan götürmüşdür. Neçə-neçə qazma üsulları, neft texnologiyaları, dənizdə neft çıxarılması üçün yaradılmış nadir Neft Daşları şəhəri Azərbaycan mütəxəssislərini bu sahədə dünyada aparıcı mövqelərə çıxartdı. Keçmiş SSRİ-nin yeni yaranan neft rayonlarının “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılması buna əyani sübutdur. Ölkəmizdə neftçıxarmanın inkişafı elmin kimya, neft kimyası, geologiya kimi, sənayenin neft maşınqayırması, neftayırma, boru-prokat istehsalı, kimya, neft kimyası kimi sahələrinin vüsət almasına təkan verdi. Azərbaycanda neftlə bağlı sahələr üzrə böyük alim və mütəxəssislər ordusu yarandı.
Əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirərək, müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu. Məhz 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” adını almış saziş ilə XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolu müəyyən olunmuşdur. Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır. Azərbaycan artıq indi bölgənin coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı vəziyyətə təsiri getdikcə artmaqdadır. Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik. Əslində, yüzilliyin son günlərində biz “Əsrin müqaviləsi”nin, neft strategiyamızın uğurlu olduğunun bir daha şahidi olduq.
Əlbəttə ki, neft sahəsində əldə edilən uğurlar ilk növbədə Azərbaycanda mövcud olan qüdrətli insan potensialı ilə bağlıdır. Məhz Azərbaycan xalqının intellektual və yaradıcı imkanları ötən əsrdə, başa çatmaqda olan minillikdə dünya mədəniyyətində bir çox maddi və mənəvi sərvətlər bəxş etməsi üçün zəmin yaratdı.
Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri