Ölkəmiz, bu günlərdə tariximizin daha bir əlamətdar günlərindən birini yaşadı. İşğaldan azad olunmuş doğma Qarabağımızda modern üslublu  2-ci beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi,  Qarabağın sıfırdan bərpası, erməni vandalizminə humanist cavab, bununla bərabər, Azərbaycanın sülhə və tərəqqiyə göstərdiyi dəyərlərdən biridir. 2 il öncə, erməni işğalından azad edilmiş Zəngilanda, çox qısa zaman, 1 il 6 ay ərzində, beynəlxalq hava limanının tikilib istismara verilməsi, həm də ölkəmizin qüdrətindən və qətiyyətli iradəsindən xəbər verir. Qarabağın bərpası, Qərbi Zəngəzurla Şərqi Zəngəzurun əlaqələndirilməsi istiqamətində görülən işlər, yeni layihələr, həm də Azərbaycan-Türkiyə, böyük Türk Birliyinə yeni bir töhfədir. Oktyabr ayının 20-si, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük bir heyətlə Zəngilan Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi və Cəbrayıla səfəri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin ən yüksək səviyyədə olduğunu və Qarabağımızın tərəqqi və inkişafında qardaşlıq, dostluq münasibətlərinin ən üst zirvədə olduğunu sübut edir.  Çünki, bu səfər, təkcə iki qardaş ölkənin görüşü deyil, həm də Azərbaycan-Türkiyə birliyi çərçivəsində böyük Türk Birliyinin sarsılmazlığının bütün dünyaya nümayişidir. Səfər zamanı, dövlət başçıları digər açılış və təməlqoyma mərasimlərində iştirak etmişlər. “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimləri Vətənimizin ayrılmaz parçası Qarabağın 30 ildən sonra,  yeni, çiçəkli dövrünün başlanmasından xəbər verir. Bu, vətəndaş olaraq, bizi çox qürurlandırır və o yerlərin hər qarışı uğrunda can verən Şəhidlərimizin qanının hədər getmədiyini göstərir. Bu yerdə Dədə Qorqudun nəsihəti yada düşür: “Torpağı qorumadınsa, onu əkib becərməyə dəyməz, onu əkib becərmədinsə qorumağa dəyməz”. Fəxr etdiyimiz digər məqam isə, həmişə olduğu kimi, iki türk ölkəsi Liderinin bir daha səmimi münasibətləridir. Hər iki Liderin bir ideya altında siyasət yürütməsi eyni zamanda iki qardaş ölkənin min illərə dayanan güc və qüdrətini birləşdirərək, qoşa addımlamasıdır. Tariximizə nəzər salsaq, böyük Türk Birliyinin bu günü, dünəni və sabahı hədəflərimizə doğru yalnız birgəliyimizdən və düşmən həmlələrinə qarşı bir-birimizə sipər, dayaq olmağımızdan keçir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi “Şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır”. Məlumdur ki, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfər igid Azərbaycan əsgərinin hünəri, rəşadəti sayəsində, eləcə də savaşın əvvəlindən sonunacan Türkiyə dövlətinin  bizə mənəvi dəstəyi ilə başa gəlmişdir. Sevinci ilə  kədərini bir bölüşən, hətta bayraqları belə qoşa dalğalanan bu iki dövlətin illərin sınağından çıxmış birliyi və qardaşlığı sarsılmazdır. Qeyd etmək lazımdır ki, Türkiyə-Azərbaycan birliyi regionda  sülh və sabitlik fonunda çox önəmli xarakterə malikdir və bu mənada bölgənin çox önəmli faktoru rolunu oynayır. Hətta, bu onu deməyə əsas verir ki, dünya iqtiadi sabitliyin açarı bu iki ölkənin birlyi, liderliyi nəticəsində mümkündür. Lakin, ermənilərdən hər dəfə bir alət olaraq istifadə etmək istəyən dövlətlər, bu birliyə, liderliyə qısqanclıqla yanaşır, regionun sabitliyinə mane olmağa çalışırlar. Bu məqsədlə də sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin bağlanması və böyük iqtisadi tərəqqi yolu olan Zəngəzur dəhlizinin açılmasına maneçilıik törətməyə səy göstərirlər. Lakin unudurlar ki, artıq dünya miqyasında böyük güc mərkəzinə çevrilən Türkiyə və inkişaf etmiş Azərbaycan dövlətlərinin birliyi, iradəsi qarşısında durmaq qeyri-mümkündür. Həm də, artıq Türkiyə və Azərbaycan arasında ötən il, 2021-ci il 15 iyun tarixində imzalanmış “Şuşa Bəyannaməsi” var. Bu Bəyannamə vacibliyi, strateji əhəmiyyətli olması ilə yanaşı, hər iki dövlətin düşünülmüş doğru siyasətidir. Möhtərəm Prezidentimizin də dediyi kimi: “Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Bu gün, Qarabağda  irimiqyaslı bərpa-quruculuq işləri aparılır, “Böyük Qayıdış”ın təməli qoyulur. Bu işlərdə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətlərinin bizimlə bərabər çalışdığının şahidi olur, istər yolların çəkilişində, istərsə də inşaat işlərinin həyata keçirilməsində türk qardaşlarımızın Qarabağın bərpasına töhfələrini görürük. Bu gün doğma Qarabağımız yenidən qurulur, xalqımızın böyük Zəfəri ilə yenidən dirçəlir. Qarabağ artıq böyük nəqliyyat-logistika mərkəzinə çevrilməklə, dünyaya yeni bir tərz, yeni bir soraqla inteqrasiya edəcəkdir. Bu əlbəttə ki, Ölkəmizin uğuru, Azərbaycan-Türkiyə birliyinin müştərək zəfəridir. Yeni Zəfərin mübarək, Azərbaycan-Türkiyə!

 

Nəzakət Quluqızı;

Neftçala rayon sakini, ictimai fəal, publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir