Loading

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsidir. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında idi. Lakin Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatdı. Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çaldı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində tarixə yazılacaq qələbə çaldıq və 30 il işğalda olan 20% torpaqlarımızı azad etdik. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar. Yaşadığımız bu qələbəyə və bu böyük sevinc hissinə görə ordumuza, Ali Baş Komandanımıza nə qədər minnətdar olsaq azdır.

44 günlük savaş dünya hərb tarixinə yazıldı. Təkcə Şuşanın azad edilməsi əməliyyatı kifayət edir ki, müzəffər Azərbaycan Ordusunun nələrə qadir olduğunun hər kəs şahidi olsun. Bu Ordu artıq öz adını dünya hərb tarixinə yaza bildi. Onların qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Terrorçu ölkənin hərbi birləşmələri 44 günün içində darmadağın edildi. Bununla da, Ermənistan hakimiyyətinin erməni ictimaiyyətində “qalib ordu” obrazı cəhdləri iflasa uğradı. 44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən ordumuz tərəfindən Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki,düçmən artıq müharibəni davam etdirə bilməyəcəyini anladı .

Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Bir sözlə, qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.

Sona Haxıyeva

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir