Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
Aytəkin Mahmudova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri