Qubadlı şəhərinin azad edilməsindən iki il keçir. 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Qubadlını işğaldan azad edib.
1993-cü il avqustun 31-də erməni əsgərləri Qubadlı ərazisini işğal etdilər. İşğal nəticəsində ərazidən 29 997 nəfər məcburi köçkün vəziyyətinə düşüb və ölkənin digər ərazilərinə köçürülüb.
Mineral ehtiyatlara Azərbaycan Respublikasının cənub-qərbində yerləşən Qubadlı rayonunda rast gəlinir. Əksər dağlıq rayon Ermənistan Respublikası ilə qərbdən 120 km, şimaldan, şərqdən və cənubdan müvafiq olaraq Laçın, Xocavənd, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. Xanlıq kəndində əqiq yatağı, Eyvazlı kəndində isə qum-gil yatağı var.
Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklərin götürülməsi şərt idi. Çünki düşmən bu yüksəkliklərdən mütamadi olaraq hərbçilərimizə atəş açırdı. Ona görə də Qubadlı əməliyyatının yerinə yetirilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub.
Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur.
Prezident İlham Əliyev qeyd edib ki, Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi əhali 40 minə çatıb. Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün çox böyük işlər görüləcək: “Burada infrastruktur işləri birinci sıradadır. Çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.
Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi