BizimNeftcala.info “APA” ya istinadla xəbər verir ki, “Bir müddətdir, Kür çayının səviyyəsinin düşməsi və Xəzər dənizinin suyunun Kür çayına daxil olaraq suyun səviyyəsində olan asılılığı dəyişdirməsi Kür çayının daha çox şorlaşmasına səbəb olub, əhalinin içməli su təminatı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb. Yaranmış vəziyyət cənab Prezidentin diqqətinə çatdırılıb. Prezidentin diqqəti sayəsində vəziyyət xüsusi nəzarətə götürülüb”.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bunu Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Kür çayının səviyyəsinin aşağı düşməsi səbəbindən Xəzər dənizinin Kür çayına qarışması nəticəsində Neftçala rayonunun içməli və suvarma suyu ilə təchizatında problemlə əlaqədar deyib.

İcra başçısının sözlərinə görə, bununla əlaqədar olaraq 36 su daşıyan texnika vasitəsi ilə rayon əhalisinin içməli suya olan tələbatı ödənilir: “Gündəlik olaraq əhaliyə 600 tona yaxın su verilir. Ötən gün Prezidentin iştirakı ilə su təsərrüfatının yaxşılaşdırılması istiqamətində keçirilmiş müşavirədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Neftçala rayonunun içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində müvafiq qurumlar, mərkəzi icra hakimiyyəti və yaxın rayonların icra hakimiyyəti qurumlarından 22 ədəd texnika cəlb olunub. Hazırda 18 əlavə yeni çən qurulub, ümumilikdə çənlərin sayı 65-ə çatdırılaraq vətəndaşların istifadəsinə verilib. Bütün bunlara görə şəxsən öz adımdan və Neftçala sakinləri adından cənab Prezidentə öz minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Dünənki müşavirədən sonra rayonun 30 faizlik su təminatının imkanların səfərbər olunması nəticəsində 50-60 faizə çatdırılacağı gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.