Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündə iştirak etmişdir.
Görüşdə çıxış edən dövlət başçısı Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələdən söz açıb. Bildirib ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. Ölkə başçısı çıxışı zamanı Vətən müharibəsi zamanı qardaş ölkənin Azərbaycana dəstəyindən də söz açıb. Qeyd olunub ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.
Əməkdaşlıq əlaqələri şaxələnir. Ötən kiçik dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılmışdır deyə dövlət başçısı bildirmişdir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Təhmasib Məlikov,
YAP Neftçala rayon təşkilatının üzvü