Erməni vandalların torpaqlarımızı işğal altında saxladıqları 30 il müddətində Minsk qrupunun həmsədri olan ölkələr Azərbaycanı bu işğalla barışmağa, vətəndaş cəmiyyətləri xətti ilə xalqlar arasında mehriban qonşuluq əlaqələri yaratmağa dəvət edirdilər. İşğal dövründə şəhər və kəndlərimizin yer üzündən silinməsi, məscidlərimzin, pir və ziyarətgahlarımızın dağıdılması, təhqir edilməsi onları qətiyyən narahat etmədiyi halda 44 günlük müharibədə Şuşadakı erməni kilsəsinin bir hissəsinə təsadüfi qəlpənin dəyməsi “Qərb demokratiyası”nı o qədər “incitmişdi” ki, qopardıqları vay-şivənlə sanki yarışa girmişdilər. Nensi Pelosinin İrəvanda axıtdığı saxta timsah göz yaşları da bu estafetin yeni müstəvidə davamından başqa bir şey deyildi. Qərb demokratiyasının ənənəvi ikili standartlarına güvənən ermənilər sərhədlərimizdə daimi təxribatlar törətməkdə davam edirlər. Ordumuz təhlükəsizlik baxımından bəzi strateji yüksəklikləri ələ keçirməklə əks tədbirlərə başlayanda Azərbaycanı təcavüzdə günahlandırıb ABŞ, Rusiya, Fransa və digər ölkə başçılarından və beynəlxalq qurumlardan imdad diləməyə başladılar. Hiyləgər erməni xisləti özünün ənənəvi “zavallı”, əzabkeş” “yazıq” obrazını daha canfəşanlıqla qabardaraq yeni müstəvidə inkişaf etdirməkdədir. Fransanın BMT TŞ-da sərhəd toqquşmasını gündəliyə gətirməsi bu oyunun bir hissəsidir. Əslində Fransa və ABŞ kimi dövlətlər qərəzli, araqarışdırıcı və provokativ addımlardansa, Brüssel sülh prosesinin əməli olaraq həyata keçirilməsi üçün real addımlar atmalı idilər. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün sərhədlərinin də təhlükəsizliyini təmin edir və heç bir güc ölkəmizin daxili işlərinə qarışa bilməz.
Ermənilər sentyabrın 13-də törətmiş olduğu növbəti təxribatdan dərs almalıdır.
Ermənistanın rəsmi dairələrinin etirafına görə Sərhəd hadisələri zamanı düşmən tərəfin itkiləri-ölən və itkin düşənlərin sayı 207 nəfər, yaralılar 293 nəfər, əsir düşən hərbçilər isə 20 nəfər olmuşdur. Bunlar əlbəttə ki, təqribi rəqəmlərdir və düşmənin canlı qüvvə sarıdan itkiləri daha çoxdur.
Sentyabrın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında düşmənin təxribatçı hərəkətlərinə münasibət bildirərkən qeyd edirdi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Prezident həm də haqlı olaraq göstərirdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.
Düşmən təxribatının nəticələrindən danışarkən qeyd etmək lazımdır ki, sərhəd boyu böyük bir ərazidə qarşı tərəfin xeyli sayda hərbi texnikası, silah-sursatı, S-300 raketdən müdafiə sistemləri və radiolokasiya stansiyaları, hərbi hissələri, həmçinin canlı qüvvəsi məhv edilmişdir. Düşmənə güclü mənəvi-psixoloji zərbə vurulmuş, böyük ərazidə strateji yüksəkliklər ordumuzun nəzarətinə keçmişdir.
Ermənistan oliqarxiyası, vətəndaş cəmiyyəti fəalları, müxalif qüvvələri və siyasi rəhbərliyi kənar dəstəklərə arxalanmaqdansa daha dərindən düşünməli, baş verənlərdən nəticə çıxarmalı, ermənilərə əsassız ümidlər verən Pelosi kimi populist siyasətçilərin əli ilə şou yaratmaqdansa Azərbaycanın təkilf etdiyi sülh sazişini imzalamaq istiqamətində çalışmalıdır. Regionda əmin-amanlığın, sülh və sabitliyin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün bütün fəaliyyətlər bu sahəyə yönəlməlidir.
Firdovsi Tağıyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı