Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humantiar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı dövlətimizin başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.
“Keçirilən görüşlər və görüşlər zamanı səsləndirilən fikirlər göstərdi ki, Almaniya Azərbaycanla əməkdaşlığın inkişafına və münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirdi ki, Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır.
Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə, xüsusilə də son 20 ildə Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun – Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır.
Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlər bir daha onu göstərir ki, Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və dövlət başçısının bu səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaqdır.