Almaniyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ölkəmizin nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində aparılan işlərdən danışıb və vurğulayıb ki, müzakirə edəcəyimiz məsələlərdən biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq: “ Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır”. Cənab İlham Əliyev bildirib ki, Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq: ”Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur”.
“Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər.
Texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq” deyə dövlət başçısı qeyd etmişdir.
Aygün Musayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü