Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb. mərkəzdə mövcud olan “ASAN xidmət” köşkü vasitəsilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Belə ki, “ASAN xidmət” əməkdaşı tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilir.
Qeyd olunan müraciətlərin təmin edilməsi məqsədilə bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən operativ xüsusi səyyar qrup Zəngilan rayonuna ezam olunub.
Kənd əhalisinin dövlət xidmətləri üzrə zəruri sənədlərə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə səyyar qrup tərəfindən 46 ünvanda sorğular təşkil olunub.
İlkin olaraq yerində 37 nəfərə məhkumluq arayışının verilməsi xidməti həyata keçirilib.
Həmçinin sorğu nəticəsində 30 nəfərə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, 3 nəfərə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi, 1 nəfərə sürücülük vəsiqəsinin dəyişdirilməsi, 5 nəfərə isə məhkumluq arayışının verilməsi xidməti üzrə ehtiyac müəyyən edilib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.
Ramil Nağıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi Partiya təşkilatının sədr müavini