Loading

Bu gün hər bir beynəlxalq təşkilatın üzərinə düşən ən məsul vəzifə üzvü olduğu dövlətlərdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı, sərhədlərin toxunulmazlığı və müstəqilliyinin möhkəmləndirilməsi üçün vacib olan iqtisasi-siyasi bağlılığı təmin etmək, üzv dövlətlər arasında əbədi sülhün bərpasına nail olmaqdır. Təşkilata üzv ölkələr arasında sadaladığım amillərin bərpasına nail olmaq prizmasından yanaşsaq bu gün Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətini məhsuldar adlandırmaq olar. Son illər qurumun  siyasi nüfuzu ilə yanaşı, onun iqtisadi nüfuzu da artan temp üzrə inkişaf etməkdədir. Bu gün, ŞƏT-nın nüfuzunun artmasının mühüm səbələrindən biri kimi, onu göstərə bilərik ki, üzv ölkələrdə terrorizm, separatizm və ekstremist meyllərin aradan qaldırılması istiqamətində qəti addımlar atılır. ŞƏT hazırda tək siyasi cəhətdən deyil, iqtisadi cəhətdən də güc mərkəzinə çevrilmək üçün mühüm addımlar atır. Qeyd etməliyik ki, bəzi siyasi analitiklər Təşkilatı hətta Böyük yeddiliyin alternativi də adlandırırlar. Bu gün ŞƏT-in tam hüquqlu üzvlərinin sayı artıq 9-a çatıb.Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxay şəhərində təsis olunub. Bu gün Azərbaycan təşkilata dialoq tərəfdaşıdır. ŞƏT-in beynəlxalq hüquqi əhəmiyyətinin yüksək olmasının digər səbəbi onun hansısa bloka daxil olmaması, üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörmətlə, daxili işlərinə qarışmaqdan imtina etməsi və yarana biləcək hər hansı bir münaqişələrin qarşısının alınmasıdır. Azərbaycan ŞƏT-lə əməkdaşlığa böyük önəm verir. Müstəqil dövlət olaraq bu gün Azərbaycan Təşkilata dialoq tərəfdaşı statusuna sahib ölkədən, tam hüquqlu üzv olan dövlətə çevrilməkdə maraqlıdır. Xüsusi qeyd edək ki,  hələ 2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Bu gün Təşkilata üzv olan ölkələrdə açıq etiraf edirlər ki, onlara Azərbaycanla əməkdaşlıq etmək olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün  əhəmiyyətini xeyli dərəcədə artırır.

 

Fərid Əhmədov;

            Neftçala rayon ziyalısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir