Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tərəqqisi və inkişafı, o cümlədən onun mənsub olduğu milli-mənəvi dəyərlərinin təbliği, həmçinin ana dilimizin ictimai həyatda rolunun artırılması istiqamətində apardığı məqsədyönlü islahatlar Azərbaycan xalqının milli ruhunun oyanışına böyük təkan verdi.

Azərbaycan xalqı Heydər Əliyev kimi bir dühanı yetişdirdiyi üçün xöşbəxtdir. Həqiqətən də bu gün Azərbyacanın beynəlxalq aləmdə, dünya dövlətləri arasındakı mövqeyinə, iqtisadi və siyasi gücünə baxanda bir daha tam əmin olursan ki, Ulu Öndər sözün əsl mənasında möcüzə yaratmış şəxsiyyətdir. Qürur hissi ilə qeyd etməliyik ki, Ümummilli liderin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı tərəqqi və inkişaf yoluna qədəm qoydu. Əlbəttə ki bu uğur dolu inkişaf yolumuz elə də asan fəth edilmədi. Azərbaycanın uğuruna qıcıqlanan, ona mane olmağa çalışan istər daxili, istərsə də xarici qüvvələr hər macalda bu gedişata mənfi təsir göstərməyə çalşırdılar. Ancaq bu məkrli qüvvələr anlamırdılar ki, Heydər Əliyev kimi dünya şöhrətli siyasi xadimi bu yoldan heç bir qüvvə çəkindirə bilməzdi. Dahi Lider hələ Sovetlər birliyi dönəmində hakimiyyətdə olduğu zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, onların təbliği, qədim tariximizin düzgün araşdırılıb gənc nəslə çatdırılması, ictimai həyatda ana dilimizin rolunun artırılması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermiş oldu. Heydər Əliyev çox gözəl başa düşürdü ki, ana dili hər bir xalqın, millətin varlığını, milli kimliyini sübut edən ən başlıca amildir. Təbii ki, bu amilləri nəzərə alan Heydər Əliyev bütün siyasi fəaliyyəti dövündə Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib, onun inkişafı və təkamülü üçün bütün siyasi gücündən istifadə etmişdir. Heydər Əliyev nitqlərinin birində vurğulayırdı ki, “dilini itirən xalq məhvə məhkumdur”. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Sovetlər dönəmində vahid “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların milli kimliyini, dilini, mədəniyyətini yox etməyə yönələn siyasi dəsti-xətt Azərbaycandan da yan keçmədi, öz mənfi təsirlərini ölkəmizə də göstərmiş oldu. Ölkədə elə bir psixoloji durum yaradılmışdı ki, hətta siravi ölkə vətəndaşları arasında doğma Azərbaycan dilində danışmaq qəbahət hal kimi qəbul edilirdi. Qürurverici haldır ki, Ulu Öndər 1969-cü ildə Azərbaycana siyasi rəhbərliyə gəldiyi ilk gündən müxtəlif dövlət tədbirlərində Azərbaycan dilində çıxış etməklə öz milli kimliyinə, dilinə şəxsi münasibətini, qiymətini, dəyərini vermiş oldu. Tarixi faktlara əsaslansaq görəcəyik ki, Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı Azərbaycan dilinə də rəsmi dil statusu qazandırmış oldu. Qeyd olunan məsələnin icrası çox böyük cəsarət və siyasi hünər tələb edən taleyyüklü bir məsələ idi. Heydər Əliyev bütün təzyiq və təsirlərə baxmayaraq bu maddənin Konstitusiyada öz əksini tapmasına nail oldu. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Müstəqilliyə gedən yolda ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu Öndərin vaxtilə yürütdüyü siyasətin nəticəsi idi. Ümumi şəkildə qeyd etməliyik ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin xidmətləri ölçüyəgəlməz həddədir. “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi Heydər Əliyev dühasının ana dilinə, milli mənliyimizə, müstəqil dövlət quruculuğuna verilən ən böyük dəyəri kimi qəbul edilməlidir. Beləliklə fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.

Fərid Əhmədov;
Neftçala rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.