Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də başlamış və tariximizə qürur səhifəmiz kimi yazılmış Vətən Müharibəsi düşmən üzərində şanlı Qələbə ilə başa çatdı. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız cəmi 44 gün ərzində düşməndən azad edildi. Cəbrayılın azad edilməsindən sonra Zəngilana gedən qələbə yolu açıldı və Ordumuz bu torpaqları da düşmən tapdağından azad etmək üçün əməliyyatlara başladı. Oktyabrın 18-də Zəngilan uğrunda döyüşlər başlandı və artıq oktyabrın 20-də cənab Prezident İlham Əliyev Zəngilanın azad edilməsi xəbərini xalqımıza çatdırdı. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva azad edilmiş Zəngilanda olan zaman bütün dünyaya bəyan etmişdilər ki, Zəngilan əzəli Azərbaycan torpağıdır və burada çox tezliklə yenidən həyat canlanacaq, böyük işlər görüləcək və zəngilanlılar tezliklə evlərinə dönəcəklər. Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün artıq yeni dövr başlayıb. Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir. Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində indi ərazidə geniş zolaqlı magistral avtomobil yolları çəkilir.Yeni çəkilən yollar geniş ərazidə məsafəni yaxınlaşdırmaqla yanaşı vətəndaşların gediş-gəlişində və beynəlxalq yüklərin daşınmasında istifadə olunacaqdır. Magistral avtomobil yolları Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Hazırda Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Zəngilanın ərazisindən keçən dəmir yolu və avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün əlverişli yol olacaq. Nəticədə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaqdır. Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük önəm daşıyır. Azərbaycan dövləti mövcud imkanlardan səmərəli yararlanaraq, bu prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır. Prezident İlham Əliyevin dediyi kimi, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin may ayının 26-da Zəngilan rayonunda səfərdə olarkən Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Bu gün isə Zəngilan Beynəlxalq Hava Limanının ən ali səviyyədə açılışının şahidi oluruq. Mərasimə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılması isə dosta fəxarət, düşmənə göz dağıdır! Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdən biri olacaqdır. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Ötən iki il ərzində tamamilə viran qoyulmuş, məhv edilmiş bir regionda həyata keçirilən nəhəng işlər Ölkəmizin inkişaf səviyyəsinin göstəricisidir!
Əfsanə Abdullazadə
Neftçala rayon gənci, ictimai fəal