Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanmış enerji memorandumu Avropanın enerji təhlükəsizliyinin təmini üçün hesablanmışdırsa, bu Azərbaycan Respublikasının xarici bazara, Avropa bazarına çıxışı deməkdir. Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa ölkələri ilə Rusiyanın münasibətlərində yaranmış soyuqluq enerji bazarında, xüsusilə neft – qaz sahəsinə ciddi suallar, problemlər yaratmışdır. Avropa Komissiyasının Prezidenti qeyd edilən münaqişə fonunda etibarlı tərəfdaş kimi Azərbaycanı görməyə şad olduğunu ifadə etmişdir. Cənab Prezident İlham Əliyevin xarici siyasətinin əsas hissəsini təşkil edən balanslaşdırılmış siyasi yol xəritəsi Azərbaycanın bütün dünya ölkələri ilə həm iqtisadi, həm də siyasi dostluq münasibətlərinin genişlənməsinə xidmət etmişdir. İmzalanmış memorandumu “Gələcək üçün yol xəritəsi” kimi qiymətləndirən Cənab İlham Əliyev Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq qeyd etmişdir ki, bu layihə də uğurlu olacaq və bundan başqa Azərbaycanın təkcə neft-qaz deyil, həm də külək – günəş enerjisi kimi alternativ enerji mənbələrinin də böyük potensialı vardır. Görüşdə Azərbaycanın coğrafi mövqeyini və modern nəqliyyat infrastrukturunu nəzərə alaraq daha fəal əməkdaşlıq üçün münbit şəraitin olduğu vurğulanıb. Ümumilikdə qeyd etmək istəyirəm ki, Avropaya enerji ixracı Azərbaycanın həm iqtisadi potensialını artıracaq, həm də etibarlı, güclü tərəfdaş imicini daha da möhkəmləndirəcəkdir. Bu münasibətlərin qurulması təbii olaraq, Azərbaycanı dost və tərəfdaş ölkə ölaraq tanıdır. Bu kriteriyadan çıxış edərək bildirmək istərdim ki, qonşu işğalçı Ermənistanın son günlər Zəngəzur dəhlizi və sülh müqaviləsi üzrə müəyyən mənada “özünün bildiyi” kimi hərəkət etməsi, eyni zamanda Azərbaycanla əməkdaşlıqdan boyun qaçırması onun özü üçün ciddi təhlükədir. Ermənistanın dalan vəziyyətində qalması onun tamamilə məhvinə yol açır. İstənilən halda Azərbaycan öz məqsəd və prioritetlərinə nail olacaqdır. Avropa İttifaqı ilə imzalanmış memorandum Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın əvəzedilməz rolunu təsdiq edir və gələcək üçün bir növ yol xəritəsidir. Avropa İttifaqı Azərbaycanı etibarlı enerji təchizatçısı hesab edərək, yaxın illərdə buradan qaz idxalını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir. Digər mühüm məqamlardan biri də bərpaolunan enerji ilə bağlı məsələlərdir. Bu saziş vasitəsilə həmin sahədə də Avropa İttifaqı ilə əməkdaşlığın təməli qoyulur və Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəkdir. Ümumiyyətlə Azərbaycanın enerji siyasəti beynəlxalq aləmdə əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir.
Ruslan Sayadov;
YAP Neftçala rayon təşkilatının fəal üzvü