Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində bildirmişdir ki, Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər yeni yanaşmaları tələb edir. Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.
Biz də öz növbəmizdə vətəndaş cəmiyyəti olaraq cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında olan mövqeyini dəstəkləyir və bu çətin yolda Azərbaycanın təhlükəsiz gələcəyi üçün mübarizə aparan Prezidentimizin ətrafında sıx birləşməyə çağırış edirik.
Yalçın Abıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri