Loading

Məlum olduğu kimi Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş milli prioritet reallaşdırılacaq. Bu prioritetlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə öz əksini tapıb. Ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq milli prioritetlər aşağıdakılardır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd edilən prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Milli prioritetlər sırasına rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da daxildir. Milli prioritetlərlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndirilməsini, insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.Qarşıdakı 10 ildə Azərbaycan üçün səciyyəvi məqamlardam biri insan kapitalının formalaşdırılması ilə bağlı olacaq. İnsan kapitalı təhsilə və ixtisaslı hazırlığa qoyulmuş kapital sayılır, onun nəticəsində texniki bilik və bacarıqlar ehtiyatı formalaşdırılır. Bunun sayəsində zənginləşmiş işçi qüvvəsi adi, ixtisas və təhsil almamış işçi qüvvəsinə nisbətən elmi-texniki tərəqqini daha sürətlə inkişaf etdirir, onun nailiyyətlərindən bacarıqla və səriştəli istifadə edir. Nəticə etibarilə belə insan daha çox mənfəət, gəlir və məhsul yaradır, əhalinin daha firavan yaşamasına maddi imkan formalaşdırır. Bütün bunlar Azərbaycanın dinamik inkişafının təmini baxımından da zəruri əhəmiyyət kəsb edir. Məhz belə bir vaxtda bəlli olub ki, Azərbaycan hökuməti ilə Dünya Bankı insan kapitalı yaratmaq və işə salmaq istiqamətində əsas problemləri müəyyənləşdirir. Dünya Bankının “Yaşa, öyrən, inkişaf et: Azərbaycanın inkişafını sürətləndirmək üçün strateji insan kapitalına sərmayələr” adlı hesabatında da bu məsələyə xüsusi toxunulur. Qurumun Avropa və Mərkəzi Asiyada insan inkişafına dair regional direktoru Fədiə Səədah Azərbaycan hökumətinin insan kapitalının inkişafı sahəsində xeyli nailiyyət qazandığını bildirir. Son 5 ildə ali məktəblərə qəbulun həcmi 21 faiz artıb. İcbari tibbi sığortanın tətbiqi nəticəsində ilkin tibbi sanitar yardımın əsas səviyyəsinin istifadəsi və səmərəsi artıb. Toplam təqaüdlər və yoxsullara yönəlmiş sosial müavinətlər əhalinin ən yoxsul 40 faizinin gəlirlərini xeyli artırdı, ev təsərrüfatlarında səhiyyə və təhsil xərclərinin artmasına təkan verdi. Qarşıdakı dövr ərzində insan kapitalının formalaşması istiqamətində ölkəmizdə mühüm addımlar atılacağını nümayiş etdirir. Əslində, son illərə qədər də ölkəmizdə insan kapitalının reallaşması istiqamətində xeyli iş görülüb. Xüsusilə peşəkar kadrların hazırlanmasına, təhsilin inkişafına, bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə çoxalmasına xüsusi diqqət yetirilib. Bu məsələ artıq növbəti 10 ili əhatə edən inkişaf prioritetlərində də əksini tapıb. Bu da insan kapitalı sahəsində Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsini şərtləndirir.

 

Bahar Məcidova

YAP Neftçala rayon təşkilatı

Ərazi partıya təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir