Həm işğal dövründə həm də post müharibə dövründə Ermənistanın təcavüzkar və işğalçı siyasəti onun tərəfindən müxtəlif müstəvilərdə həyata keçirilən qanunsuz fəaliyyətlərdə intensiv şəkildə özünü büruzə verməkdədir. Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzü dəstəkləməyə yönəlmiş fəaliyyəti, heç bir əsası olmayan yalanların beynəlxalq ictimaiyyətə həqiqət kimi təqdim edilməsi cəhdləri, habelə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində addımları sözügedən işğalçı siyasətin ayrılmaz tərkib hissəsi olub. İşğalçı rejim tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mövcud olan faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib. Məlumdur ki, Azərbaycan Respublikasının mineral ehtiyatlarının böyük bir hissəsi məhz işğal olunmuş ərazilərdə yerləşirdi. Azərbaycanın Kəlbəcər, Laçın, Tərtər, Ağdam ərazilərində yerləşən qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçını əhatə edən dəmir, xrom yataqları, Tərtər, Kəlbəcərdə yerləşən kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə kəşfiyyat və hasilat işləri aparılıb.
Ərazilərimizdə aparılan bu cür qeyri-qanuni fəaliyyət nəticəsində əldə edilən gəlirlər işğalçı rejimin maliyyə təminatının çox böyük bir hissəsini təşkil edib. Qeyd etmək lazımdır ki, bu cür qeyri-qanuni fəaliyyətə bir çox xarici şirkətlər cəlb edilib ki, onların sırasında “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” və digər şirkətlərin adını çəkmək olar. Ermənistan Respublikasının apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub və bu Ermənistan Respublikası üçün məsuliyyət doğurur. İşğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət haqqında danışarkən, bu ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbərləri də xüsusi qeyd etmək lazımdır. Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilib ki, bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilməyib. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olub.
Təəssüf ki, hazırda da sülhməramlıların müvəqqəti nəzarətində olan, beynəlxalq hüquqa görə Azərbaycan ərazisi kimi tanınan ərazilərimizdə də bu ekoloji terror davam edir. Bu cinayətlər və onların zəncirvari qaydada törətdiyi nəticələr dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməli və onların önlənməsi üçün beynəlxalq səylər Azərbaycan Respublikasının səyləri ilə birləşdirilməlidir. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir”.
Vüqar Aslanov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü