Oktyabr ayının 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən görüşündə Möhtərəm Prezident cənab İlham Əliyevin geniş tərkibli çıxışı Azərbaycanın bu gün söz sahibi olan bir dövlət kimi formalaşdığını bir daha təsdiqləmiş oldu. Ölkə başçısı çıxışında artıq Qarabağ problemi adlı bir münaqişənin olmadığını, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri özü tam şəkildə icra etdiyini iclas iştirakçılarının diqqətinə çatdırmış oldu. İşğala məruz qalan tərəf kimi, Azərbaycan özü 30 ilə yaxın bir dövrdə bu münaqişənin silaha əl atmadan, dinc yolla həllində ən maraqlı tərəf idi. Ancaq Ermənistanın sülhə qayıtmaqdansa, əksinə işğalçılıq siyasətini davam etdirməsi artıq bizdə başqa seçim qoymadı. Hərçənd ki, münaqişənin beynəlxalq hüququn tələblərinə uyğun qaydada həllinə nail olmaq üçün yaradılmış qurum, beynəlxalq təşkilatlar bu işdə həm fəaliyyətsizlik, həm də biganəlik nümayiş etdirdilər. Dünya bu problemlə bağlı heç bir nəticə yönümlü addım atmadı. Həm də bütün bu illər ərzində Azərbaycan tərəfi ən çox ziyan görən tərəf oldu. 30 ilə yaxın bir müddətdə işğal altında qalan rayonlarımızın demək olar ki, bütün infrastrukturu, tarixi və mədəni abidələri yerlə-yeksan edildi, bir milyondan çox qaçqın və məcburi köçkünümüz öz ata-baba yurdundan didərgin düşməyə məcbur edildi. İşğaldan sonra izlədiyimiz videokadrlardan da açıq-aydın görürük ki, Füzuli və Ağdam rayonları demək olar ki, yüz faiz dağıdılmış, digər ərazilərdə isə çox az sayda tikiliyə və hansısa tarixi abidənin yararsız halda qalıqlarına rast gəlmək olur. Düşmənin vəhşiliyi, cinayəti təkcə tikililərə, abidələrə qarşı törədilməklə bitməmiş, onlar qanunsuz olaraq, heç bir beynəlxalq hüquqa əsaslanmayan qaydada bir sıra xarici şirkətlərlə müqavilə bağlayaraq, işğal altında saxladıqları rayonlarımızın təbii ehtiyatlarını qanunsuz istismar etmişlər. Qeyd etməliyik ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki bütün cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcəkdir. Artıq bununla bağlı ilkin prosedur qaydalara uyğun olaraq aidiyyəti materialları toplanılaraq, beynəlxalq hüquq təsisatları qarşısında vəsadət qaldırılmışdır. Bütün bunlara rəğmən bu gün Azərbaycan regionda əbədi sülhə nail olmaqdan ötrü Ermənistanla münasibətlərin normallaşmasına tam hazırdır. Azərbaycan 30 il öncə olduğu kimi indi də bütün münasibətlərin sülh yolu ilə, münasibətlərin normallaşdırılması qaydası ilə nizama salınmasının tərəfdarıdır. Ümudvarıq ki, Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə təxribata əl atmayacaq, revanşist düşüncələrdən əl çəkib iki tərəfli münasibətlərin normallaşmasında maraqlı olacaqdır. Çünki, onların bundan başqa yolu yoxdur.

Fərid Əhmədov
Neftçala rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir