1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən ermənilər burada tarixdə görünməmiş vandalizm aktı həyata keçirdilər. Ermənilər beynəlxalq hüquq prinsiplərinə zidd olaraq işğal altında  saxladıqları 27 il ərzində Ağdam şəhərində və rayonun digər yaşayış məntəqələrində daşı-daş üstündə qoymayıblar. Burada yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edərək, məhv ediblər, əldə etdikləri müxtəlif materialları xaricə, İrana satıblar. İnkişaf etmiş Ağdamda tarixi, mədəni abidələr, məzarlıqlar belə erməni vandalizminə məruz qalıb. Təsadüfi deyil ki, Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər buranı haqlı olaraq Qafqazın Xirosiması adlandırırlar. Lakin indi qürurla deyə bilirik ki, bir güllə belə atılmadan, Şəhid verilmədən Ağdam düşməndən tamamilə təmizləndi. Ali Baş Komandan cənab İlham Əliyevin böyük təcrübəsi və qətiyyəti sayəsində Ağdam üçün artıq yeni dövr başlanıb. Qısa zaman kəsiyində bu istiqamətdə cox ciddi addımlar atılıb. Bu proses o qədər sürətlə və mükəmməl bir şəkildə, həm də strateji planlama ilə aparılır ki, qürur duymamaq mümkün deyil. İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni irsimizin də bərpası həyata keçirilir. Bu prosesin maliyyələşməsini Heydər Əliyev Fondunu öz üzərinə götürüb Hazırda İmarət kompleksi və Qiyaslı məscidinin restavrasiyası həyata keçirilir. Plana əsasən Pənahəli xanın imarəti, karvansaray, hamam, türbələr bərpa edilir. Artıq Ağdam şəhər Cümə məscidinin restavrasiyası işləri həyata keçirilir. Qeyd edilən, həmçinin digər abidələrimiz Ağdamı, bölgəni həm də turizm baxımından tanıdacaq, maraqlı edəcəkdir. Artıq Ağdam şəhərində mühüm infrastruktur layihələrinin icrasına da başlanılıb. Bunlardan biri Bərdə-Ağdam avtomobil yolunun inşasıdır. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu bölgənin gələcək inkişaf planı nəzərə alınmaqla inşa edilir. Bu ilin 13 fevral tarixində Ağdama səfəri zamanı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının açılışlarında iştirak etdilər. Bu yarımstansiyalar, eyni zamanda, ölkəmizin ümumi enerji şəbəkələrinə inteqrasiya edilməklə etibarlı təchizat üçün mühüm təminatçı olacaqlar. Nəticə etibarilə, cənab Prezidentinin rəhbərliyi altında planlı şəkildə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası işğaldan azad olunmuş ərazilərimizin dirçələcəyi, həmin yerlərə yeni və xoşbəxt həyatın qayıdacağı günlərin heç də uzaqda olmadığını deməyə əsas verir. Sözügedən ərazilərin inkişafı və insanlarımızın doğma yurdlarına tezliklə qayıtması yönündə görülən işlər isə bölgədə formalaşmış obyektiv reallıqları əks etdirir.

Rəmziyyə Nəcəfova
Neftçala rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir