Loading

Hər zaman konstruktiv siyasət yürütməyi prioritet hesab edən dövlətimiz Vətən Müharibəsində tarixi qələbə qazanan tərəf kimi Ermənistana sülh çağırışı edərək, regional faktorları da özündə ehtiva edən əməkdaşlıq platformasının qurulması təşəbbüsünü irəli sürdü. Yalnız Azərbaycan kimi qurucu əməllərə sadiq olan bir dövlət və xalq ermənilərin əsrlərlə azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımları fonunda, belə tarixi və nümunəvi addım ata bilərdi. Lakin zaman göstərir ki, buna baxmayaraq, ermənilər yenə də öz xislətlərindən əl çəkmir, revanşist şüarlar səsləndirir, sərhəddə təxribatlar törədir, tarixi ədavətin və düşmənçiliyin davam etdirilməsində maraqlı olduqlarını göstərirlər. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmək istəmir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında, müraciətlərində bu bəyanatı səsləndirir ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr “Dəmir Yumruğ” un yerində olduğunu unutmamalıdırlar. Yada salaq ki, bu il avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdilər. Azərbaycan Ordusu “Qisas” əməliyyatı ilə malik olduğu hərbi gücünü düşmənə yenidən göstərməklə yanaşı, dəmir yumruğun yerində olduğunu növbəti dəfə nümayiş etdirdi. Tarixi Zəfərimizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Qələbəmizin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürsə də bu bəyanatı daim gündəmdə saxlayır ki, təklif uzun müddət masa üzərində qala bilməz. Bu Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Qüdrətli Azərbaycanın Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar, vəzifəsindən və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, törətdikləri təxribatlar onlara çox baha başa gəlir və gələcəkdir. Düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər.  Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirik. Onlarla qürur duyuruq. Vətən sağolsun!

 

 İlqar Həsənov;

            Neftçala rayon ziyalısı, Vətən Müharibəsi iştirakçısı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir