Loading

Son illər ərzində ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar, eyni zamanda siyasi islahatların tərkib hissəsi olaraq formalaşan yeni siyasi konfiqurasiya, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin yaratdığı yeni reallıqlar ölkəmizin yeni inkişaf mərhələsinə keçidini təmin edib. Bu isə öz növbəsində ölkədə hər bir sahədə qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi zərurətini yaradıb.Artıq iki ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar yeni çağırışları gündəmə gətirir. Dünya tarixi Zəfərimizdə Azərbaycan xalqının birliyinin, vətəndaş həmrəyliyinin müstəsna rol oynadığının şahidi oldu. 44 günlük müharibədə 50-dən artıq siyasi partiya həyata keçirilən siyasətə dəstəyini Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi ilə ifadə etdi. 50-dən artıq siyasi partiyanın qəbul etdiyi birgə Bəyanatda dövlət başçısı İlham Əliyevin siyasətinin bugününə və gələcəyinə böyük inam ifadə edildi. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması da siyasi dialoq mühitinin inkişafında mühüm addım kimi dəyərləndirildi. Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. İndiyədək layihə variantında ictimai müzakirələrdən keçmiş qanun mütərəqqiliyi, dövrün, zamanın tələblərindən irəli gəlməsi ilə diqqət çəkir. Layihənin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Sənədin hazırlanmasında, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirilib. Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir: “Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Yeni Qanunda hansı hallarda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilmədiyi də öz əksini tapıb. Əvvəlki Qanundan fərqli olaraq bundan sonra siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Qanuna uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Qanunda siyasi partiyanın maliyyələşdirilməsində əsas məqamlar da yer alır. Ümumilikdə yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar bütün aparıcı milli institutlarımız, ən əsası isə siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir.Siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. Üstəlik, yeni qanunun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir ­edəcək.Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra siyasi partiyalara münasibətdə yaxşıya doğru çox ciddi dəyişikliklər var. Hamının arzuladığı qanun, nəhayət, qəbul edildi və siyasi partiyaların fəaliyyətində faydalı rolunu oynayacaq.Qeyd edək ki, siyasi partiyalar haqqında indiyədək olan qanun ­1992-ci ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi. Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.Yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.“Siyasi partiyalar haqqında” yeni Qanun ümumilikdə siyasi partiyaların normal fəaliyyətinə daha geniş imkanlar yaradacaq. Ümumi qənaət budur ki, nə qədər siyasi partiya yaradılsa da onların fəaliyyətində bir prinsip əsas götürülməlidir: Dövlətə, dövlətçiliyə xidmət.

Valeh Tağıyev,

YAP Neftçala rayon təşkilatının veteran üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir