Bu günlərdə qardaş, müttəfiq və əvəzsiz olaraq bir-birlərinə dost dövlət olan Türkiyə və Azərbaycan arasından imzalan məşhur Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyə dövləti ölkəmizə sözün əsl mənasında qardaşlıq etdi. Dünyanın bir çox dövlətləri Azərbaycanı bu haqq savaşında qınayanda dost-qardaş Türkiyə öz mənəvi dəstəyini əsirgəmədən hər zaman haqqın tərəfində, Azərbaycanın yanında oldu. Bu müttəfiqlik sözsüz ki, postmüharibə dövründə də yüksələn xətt üzrə inkişaf etməkdədir. Hər iki qardaş dövlətin xalqlarının eyni dinə, dilə və bir çox qarşılıqlı bağlara malik olması dövlətlərin bağlılığını daim güclənməsini şərtləndirən başlıca amillərdən hesab edilməlidir. Bu gün Azərbaycan və Türkiyə arasında istər siyasi, istərsə də iqtisadi müstəvidə yüksək səviyyədə münasibətlər formalaşır. Qardaş Türkiyə dövlətinin Prezidenti Rəvəb Tayyib Ərdoğanın tarixi Zəfər paradında iştirakı, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq simvoluna çevrilən Şuşa Bəyannaməsini imzalamaq üçün 30 ildən sonra əzəli sahiblərinə qovuşan Şuşa şəhərinə səfəri və müttəfiqlik bəyannaməsini imzalaması 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqların yarandığını sübut etməklə yanaşı, Azərbaycan və Türkiyə dostluğunun və qardaşlığının əbədi olduğunu bir daha dünya dövlətlərinə bəyan etmiş oldu. Tarixi sənədin Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm günlərdən sayılan 15 iyun Milli Qurtuluş Günü ilə eyni tarixdə imzalanması xüsusi rəmzi məna daşıyır.15 iyun 1993-cü ildə Azərbaycan öz müstəqilliyini itirməkdən qurtularaq əbədi inkişafın astanasına qədəm qoyduğu kimi, 15 iyun 2021-ci il tarixində də Azərbaycan və Türkiyə arasında yüz illərlə davam edən qardaşlıq münasibətləri yeni bir dövrə, yeni bir epoxaya qədəm qoydu. Əlbəttə tam əminliklə qeyd etməliyik ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə ucaldı. İmzalanmış sənədlə yaxından tanış olduqda bir daha şahidi oluruq ki, Türkiyə növbəti dəfə heç bir əvəz, heç bir qarşılıq ummadan Azərbaycanın təhlükəsizliyinə, Şuşamızın əbədi inkişafına qarant durur.Bu sənəddə bir çox məqamlar enerji, kommunikasiya, təhsil, iqtisadiyyat və digər strateji əhəmiyyət daşıyan sferalarda birgə əməkdaşlığın inkişaf etdirilməsi sahəsində birgə anlaşmalar öz əksini tapır ki, bu da olduqca siyasi önəm daşıyan arqumentlərdir. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məqamlardan – hər iki qardaş dövlət arasında qurulacaq hərbi əməkdaşlıq və regional iqtisadi əhəmiyyət daşıyan layihələrin icrasında birgə əməkdaşlığın öz əksini tapmasını qeyd edə bilərik. Açıq etiraf etməliyik ki, bu gün qardaş Türkiyə hərbi gücünə görə üzvü olduğu NATO hərbi təşkilatına daxil olan ölkələr arasında ilk yerlərdə bərqərar olan dövlətlərdəndir və bu məqam bütün dünyanın diqqətini cəlb edir. Azərbaycanın belə bir halda Türkiyə ilə istər hərbi, istərsə də iqtisadi sahədə müttəfiq dövlət olaraq münasibətlərini formalaşdırması bir daha Azərbaycanın bundan sonra da müstəqilliyinin əbədi və təhlükəsiz olmasına qarant verir.

Fərid Əhmədov;
Neftçala rayon ziyalısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.