Loading

Ölkəmizin dünya birliyində tutduğu mövqe və gənc müstəqil dövlət kimi nüfuzu onun beynəlxalq və regional səviyyədə həyata keçirdiyi milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən və səmərəliliyindən, beynəlxalq aləmlə qurduğu geosiyasi əlaqələrdən asılıdır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın region və dünya ilə geosiyasi əlaqələrinin, milli inkişaf və təhlükəsizlik sahəsində xarici siyasət strategiyasının əsas vəzifələrindən biri ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, onun davamlı inkişafı və suveren dövlət hüquqlarının təmin edilməsi, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq, milli maraqları maksimum dərəcədə qorumaqdır.

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində formalaşan yeni inkişaf modeli Azərbaycanı beynəlxalq aləmdə güclü və nümunəvi dövlət kimi tanıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə, eləcə də Avropanın enerji təminatçısına çevrilib.

Son illərdə regional, o cümlədən də şərq-qərb, şimal-cənub istiqamətli əməkdaşlıq əlaqələrinin inkişafında ölkəmizin rolu əvəzedilməzdir: “Vətən müharibəsində qazanılmış zəfər yeni dövrdə iqtisadi əməkdaşlıq potensialının daha da gücləndirilməsinə yol açıb. Bu gün Çindən başlayan yol məhz Azərbaycan vasitəsilə Qərbə doğru uzanır. Azərbaycanın yeni geosiyasi nizamda tutduğu bu yer düzgün siyasi kursa əsaslanır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursu ölkəmizin beynəlxalq arenadakı cari regional lider rolunu və yerini müəyyənləşdirib”.

Azərbaycanın Avropanın enerji təminatında iştirakı ilə bağlı çoxvektorlu siyasət yürütməsi böyük uğurlarla müşahidə olunur. Bu gün Azərbaycan Avropanın enerji təminatında mühüm mərkəz qismində iştirak edir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində görülmüş işləri çox əhatəli formada təhlil etdi, Azərbaycan dövləti üçün prioritet olan sahələr üzrə qarşıda duran vəzifələri sadaladı və Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı.

Prezident İlham Əliyev müsahibəsində ölkəmizin geosiyasi imkanlarını artıran amillərdən bəhs edərkən bildirib ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.

Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?

Eldəniz Muradov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir