Azərbaycan Müdafiə Nazirliyinin 2021-ci il payızın ortalarından başlayaraq yaydığı məlumatlara diqqət yetirsək, ordumuzun mövqelərinin eyni istiqamətdən sıx-sıx, mahiyyətcə fərqli şəkildə olsa da, təkrar atəşə tutulması ilə bağlı xəbərlər görə bilərdik. Bu o demək idi ki, separatç; qurumun qeyri-qanuni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin “yuxuda” olmasından istifadə edərək, daim yeni istehkam qurğuları tikmək eşqilə alışıb yanır, əslində işğal siyasətini davam etdirməyə çalışırdılar. Bu hal indidə davam edir, belə ki, yüzlərlə yeni istehkamlar tikərək, terrorçu birləşmələrini müasir videomüşahidə və rabitə vasitələri ilə təmin edir, yanacaq və ərzaqla fasiləsiz təminat xətti yaradırlar. Onlar siyasi vəziyyətin dəyişməsinə və üçüncü qüvvələrin qaçılmaz müdaxiləsinə ürəkdən ümid edirlər. Azərbaycanın Silahlı Qüvvələri erməni istehkamlarının yerini dəqiqləşdirmək üçün həyata keçirdiyi son tədbirlərlə bir daha göstərdi ki, o öz ərazisində yarımçıq düşmən elementinə dözmək niyyətində deyil. 2022-ci ilin Mart ayında bölmələrimizin Ağdam-Xocalı istiqamətində ilkin dislokasiya xəttini yenidən formatlaşdırmasının mahiyyəti məhz bu strateji ehtiyacla bağlıdır. Ordumuz ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad etdi. Daha sonra rayonun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı. Ermənistan silahlı qüvvələrinin işğalçı kontingenti Ağdam rayonu ərazisindən çıxarılana, yəni 2022-ci il martın 24-dək məhz həmin su anbarının yanında (Fərrux kəndinə gedən yolda) yerləşirdi. Əlbəttə, Rusiya sülhməramlıları bu faktdan, eləcə də sona qədər məhv edilməmiş erməni revanşistlərinin davamlı təxribatlarından xəbərdar idilər. Azərbaycan Silahlı Qüvvələrinin qarşısına qoyulan ikinci prioritet vəzifə perimetri boyu bütün mühüm yüksəklikləri tutmaq, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədədli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyini təmin etmək idi. Fərrux silsiləsindəki görünməyən Yeddixırman, Daşbaşı zirvələri, 1050 və 1145 saylı adsız yüksəklikləri həm vadi üzərində, həm də onun əks tərəfindəki Pirlər, Xanabad kəndlərində, ta Əsgərana qədər vizual və zəruri hallarda atəşə nəzarət perimetrinə çevrildi. Beləliklə bu əməliyyatlardan sonra Azərbaycan ordusu həm mühüm yüksəklikləri ələ keçirməklə geniş bir əraziyə nəzarəti öz əlində saxladı, həm də ordumuzun mövqelərinə qarşı qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını almış oldu.
Tural Abbasov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü