Loading

Ulu öndər Heydər Əliyevin adı xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl hərflərlə əbədi həkk olub. Müasir Azərbaycanın memarı olan Ümummilli Liderin böyük dühası, fitri istedadı, parlaq zəkası sayəsində xalqımız müstəqillik dövründə böyük nailiyyətlər qazanıb.

Ümummilli lider Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə bağlı misilsiz xidmətləri göstərdi. 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə yeni neft strategiyası hazırlandı, xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarı alındı. Qısa müddətdə “Yeni neft strategiyası”nın layihəsi  hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. SOCAR-ın birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın “British Petroleum” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-ın “Amoco” (17,01 faiz), “UNOCAL” (11,2 faiz), “Penzzoil” (9,81 faiz), “McDermott” (2,45 faiz), Rusiyanın “Lukoil” (10,0 faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin “Türk petrolları şirkəti”nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Ölkəmizdə neft hasilatından qazanılan gəlirlərin şəffaflığının qorunması və məqsədyönlü xərclənməsi üçün 1999-cu il dekabr ayının 29-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu mənada, ARDNF ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını müasir çağırılara uyğun davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inki­şafına yönəldilib. Ölkəmizin enerji resurs­larından əldə etdiyi gəlirlər həm də əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Məhz bu Ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlanan qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Qarabağ 30 illik düşmən işğalından azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin işığında öz parlaq gələcəyinə doğru inamla addımlayır.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müraciətində bildirib ki, Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm də təsir imkanlarımızı artırır. Bütün bu işlərin təməli o illərdə qoyulub. Mən bütün bu layihələrin iştirakçısı kimi bunu çox yaxşı bilirəm. O vaxt Azərbaycanın neft-qaz potensialı ilə bağlı bir çox uydurmalar, bir çox şayiələr gəzirdi, hələ bu gün də var. Amma həyat onu göstərir ki, biz nə demişiksə, hər bir sözümüz həyatda öz əksini tapıb.

Səbuhi Nağıyev,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir