Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Ölkəmizlə yanaşı bütün dünya azərbaycanlıları və türk dilli xalqlar tərəfindən böyük həyəcan və sevinclə qarşılanır və qeyd edilir. XX əsr milli tariximizin ən qüdrətli siması olan Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu Öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Ulu Öndəri fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Məhz, bu xüsusiyyətinə görə də Ulu Öndər həmişə vəzifə pillələrində yüksəlmişdir. Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə, yüksək peşəkarlıqla icra etmişdir. Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Fəaliyyəti dövründə Heydər Əliyevin çox geniş əhatəli çətin problemləri və irimiqyaslı layihələri yüksək səviyyədə həll etmək bacarığını əyani olaraq göstərdi və dövrünün ən nüfuzlu dünya siyasətçiləri ilə bir sırada durmasını təmin etdi. Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən, lakin ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi Ölkəmizdə qədirbilən xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək, dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Qardaş Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib məsələdir. Bu mənada Müzəffər Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır.
Aytəkin Mahmudova;
Neftçala rayon ziyalısı