Loading

Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan, Qazaxıstan və Özbəkistan xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Bütün Türk dünyasının gələcək sıx inteqrasiyası da məhz bu  ölkələrin – Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın sarsılmaz dostluğundan və işbirliyindən asılı olacaq. Bu dördlük bütün Türk dünyasını öz arxasınca çəkib aparan, onu gələcəyə götürən lokomotiv rolunu oynayacaq. Bunun üçün bütün imkanlar və əlverişli zəmin var. Hazırda bu dörd ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Həmçinin  Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında  münasibətlər də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz demək olar ki, bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür.

Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanının Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfəri türkdilli dövlətlər arasındakı dostluq və qardaşlığın tarixi özülü ilə yanaşı, son illərdə əhatə etdiyi hüdudları da gözlərimiz qarşısında yenidən canlandırdı.

Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlərlə əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılması siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər tərəfindən böyük hörmət və ehtiramla, qarşılandı.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı. Xüsusilə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı vurğulandı. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə Görüşünün bu tarixi şəhərdə təşkil olunmasının önəmi qeyd edildi.

Noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi gün oldu. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Prezident İlham Əliyev çıxışına son 7 ayda üçüncü dəfə qardaş Özbəkistana səfər etdiyini, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirərək, “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir” bildirdi.

Cənab Prezident bütün beynəlxalq çıxışlarında olduğu kimi, bir daha Qarabağ münaqişəsinin həllinə toxunaraq vurğuladı ki,”Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq”.

 

Asif Bayramov

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilat sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir