Loading

Müasir demokratik dövlətlərin qanunvericilik sistemlərinin əsası olan konstitusiyaları bütün digər hüquqi aktlardan fərqləndirən səciyyəvi xüsusiyyətlər mövcuddur. Bunların sırasında konstitusiyaların xalq tərəfindən qəbul edilməsi, təsisedici mahiyyət daşıması, cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi, aliliyi və ən yüksək hüquqi qüvvəsi, qəbul olunması və onlara əlavə və dəyişikliklərin edilməsinin xüsusi qaydasının nəzərdə tutulması kimi xüsusiyyətləri sadalamaq mümkündür.
Konstitusiyanın hazırlanması prosesinə çoxsaylı siyasi, iqtisadi, sosial, tarixi, beynəlxalq-hüquqi amillər, xalqın tarix boyu formalaşmış dövlətçilik ənənələri təsir göstərir. Qeyd edildiyi kimi, Konstitusiya bütün digər normativ hüquqi aktlardan fərqli olaraq, hərtərəfli xarakter daşıyır və cəmiyyət həyatının bütün sahələrini – siyasi, iqtisadi, sosial, mənəvi və digər sahələrini əhatə edərək, həmin sahələrdə ictimai münasibətlərin mühüm, fundamental əsaslarını tənzimləyir. Konstitusiya bütün digər qanunlardan daha çox cəmiyyətə, xalqa, sosial qruplara, ümumilikdə vətəndaşa ünvanlanır.
Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna əhəmiyyətli hadisənin növbəti ildönümünü qeyd edirik. Iyirmi yeddi il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqilliyi dövründə ilk Konstitusiyasını qəbul etdi.
Bu gün əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısında tarixi xidmətlərindən biridir. Ümummilli lider Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etmiş, onun müasir dəyərləri özündə ehtiva edən formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Bu ümummilli əhəmiyyətli sənədin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbulu Azərbaycan dövlətçiliyinin inkişafı tarixində yeni səhifənin başlanğıcını qoymuşdur.

Fəxriyyə Qafarova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir