Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanımın bütün həyatı və fəaliyyəti çoxşaxəliliyi ilə fərqlənmiş, başqaları üçün nümunə olmuşdur. İndi onunla bağlı hadisələr yaddaşın dərin qatlarında üzə çıxanda bu bənzərsiz insanın işıqlı obrazı cilalanmış almaz kimi göz önündə canlanır, bərq vurur. Zərifə Əziz qızının yaradıcı həyatının ana xəttini, heç şübhəsiz ki, onun oftalmologiya sahəsində apardığı pedaqoji fəaliyyət təşkil edir. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra ömrünü oftalmologiyaya həsr etmişdir. Təbiətən insanın dəqiq və incə təhlilinə meyl göstərən Zərifə xanım təsadüfi deyil ki, səhiyyə ixtisasları arasında məhz incəliyi və zərgər dəqiqliyi ilə seçilən oftalmologiya sahəsinə maraq göstərmişdir. Zərifə Əziz qızının yaradıcı taleyi elə gətirib ki, seçdiyi sənətdə ilk addımlarını atdığı gündən ömrünün sonunadək Moskvada yerləşən Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrası ilə sıx bağlı olub.
Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmişdir Zərifə xanım Əliyeva. Onun ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planını hazırlayaraq həyata keçirir. İllər ötsə də Zərifə xanımın xidmətlərini xalqımız hər zaman xatırlayacaqdır.
Aynur Cəfərova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü, həkim