Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda ölkəmizin bərpa olunan enerji mənbələri üzrə potensialı təqribən 27,5 min meqavat həcmində qiymətləndirilir. Bunun da 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Hazırda ölkəmizin müxtəlif bölgələrində ümumi gücü 66 meqavat təşkil edən külək, 40 meqavat olan günəş, 38 meqavat bioenerji elektrik stansiyaları, həmçinin, 32 meqavat gücündə kiçik su elektrik stansiyaları istismar olunur. Ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir.Yaxın illərdə isə daha bir iri layihənin icrasına başlanılacaq ki, bu da əlavə 700 meqavatdan çox təmiz “yaşıl enerji” istehsalına imkan yaradacaq.Bununla yanaşı, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda istehsal gücü 22 min meqavata qədər olan Günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Jurnalistin sualını cavablandırarkən bu məsələyə toxunan Prezident İlham Əliyev deyib: “22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Ancaq mən hesab edirəm ki, bunun minimum yarısı tamamilə reallaşa bilər, çox da reallaşa bilər. Əsas məsələ bunun bundan sonrakı taleyidir – necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik”.Zəngəzur dəhlizi ilə, həm də elektrik enerjisi ötürülücəyini diqqətə çatdıran dövlət başçısı bu məqsədlə hazırda Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiyanın tikildiyini bildirib. Prezident qeyd edib ki, əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməli və Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. “Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və bu, tam reallaşa bilər. Çünki Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər, əlbəttə ki, hər şeyi ölçüb-biçiblər. Onlar tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, – indi Azərbaycandakı iqtisadi vəziyyət belədir ki, bu, onları qane edir, – eyni zamanda, ixrac üçün imkanlar yaranacaq”.Hazırda Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji dialoqu çərçivəsində təbii qazla yanaşı, yaşıl enerji və yaşıl hidrogen məsələləri də xüsusi yer tutur.Son dərəcə böyük perspektivi olan bu sahə isə Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcək, ölkəmizin “yaşıl enerji” yə keçidini sürətləndirəcək.
Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatı məsləhətçisi