27 sentyabr 2020-ci ildə düşmənin növbəti azğınlığına cavab olaraq başlanan və 44 gün davam edən Vətən Müharibəsinin nəticəsində 30 ildir yolunu həsrətlə gözlədiyimiz Qarabağımız öz həqiqi sahibinə qayıtdı. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə Müzəffər Ali Baş Komandanımıza, Vətən müharibəsində canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan oğullarına borcluyuq. Həmin günlər bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının qəlbi eyni ümid işığı ilə döyünürdü. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından sonra Ermənistan məğlubiyətini qəbul etməyə məcbur oldu. Düşmənin faktiki kapitulyasiyası ilə Laçını, Kəlbəcəri, Ağdamı qan tökmədən geri almağa müvəffəq olduq. Beləliklə Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi başa çatdı.
“Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq” bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. “Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb. İndi Laçın şəhərində geniş quruculuq-bərpa işlərinin getdiyini, “İndi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq” deyə Prezident İlham Əliyev bildirib.
Gülrux Nağıyeva,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini