Azərbaycan bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, yaradılmış infrastruktur, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın uzaq ölkələri ilə milli maraqlarımıza cavab verən əlaqələr yaradaq. Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması da bununla bağlıdır. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Oktyabrın 10-da Ölkə başçısı Cənab İlham Əliyev Qırğızıstan Respublikasına səfər etmişdir. Dostluğumuzun və qardaşlığlmızın ifadəsi olan bu səfər çərçivəsində bir sıra çox mühüm sənədlər imzalanmışdır.
Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
İlham Əliyev çıxışı zamanı : “Bizim ortaq tariximiz var, biz bir-birimizi başa düşür, bir-birimizi dəstəkləyirik. Bu gün mən Prezidentlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi də apardıq. Orada da əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər” fikirlərini söyləmişdir.
Belə ki, beynəlxalq münasibətlərdə tərəflər arasında nəzərdə tutulan strateji əməkdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün situasiyalarda tərəflər arasında sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxış və tərəflərin mövcud olduğu və həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır.. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir.
Ərəstun Əskərov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü