Loading

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib.

Zərifə xanım Əliyevanın tədqiqatları, elmi axtarışları Azərbaycanda bir yenilik idi. Böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.  Akademik  Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmiş, bundan sonra da təsir göstərəcəkdir. Onun əziz xatirəsi qədirbilən Azərbaycan xalqının yaddaşına daimi olaraq həkk olunmuşdur. Zərifə xanım Əliyeva urəklərdə, qəlblərdə yaşayacaq, həmişə xatırlanacaq və həmişə yad ediləcəkdir.

Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Gülmirə Səfərova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir