Loading

“Bu gün müasir müstəqil, qalib Azərbaycanın dünyaya səs salan inkişaf modelindən, davamlı uğurlarından bəhs edirik. Hər bir uğurun əsasında qətiyyət, böyük səylər, ən əsası düzgün qurulan siyasətin nəticəsi olaraq yaradılan möhkəm təməl dayanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu mühüm addım çoxəsrlik tariximizin ən parlaq səhifələri kimi dəyərləndirilən, bugünkü inkişafa əsas yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığından belə danışmaq mümkün deyildi. Məhz bu baxımdan ulu öndər Heydər Əliyevin xidmətlərindən danışarkən ilk olaraq onun xilaskarlıq missiyası göz önünə gəlir.”

Bu günün prizmasından baxsaq, soyuq müharibə dövründə mənafelərin toqquşması epopeyası, bəlkə də, dramatik bir epizod kimi görünür. Əslində isə soyuq müharibə iki fövqəldövlətin dünya ağalığı uğrunda qorxunc və təhlükəli savaş hazırlığının məntiqi sonluğu, real mənzərəsi idi. Geostrateji maraqların toqquşduğu məkanda SSRİ Qərb üçün, demokratiya və azadlıq üçün şər imperiyası, qorxunc təhlükə mənbəyi kimi təqdim olunurdu.

Sovet imperiyasının süqutu transatlantik məkan qarşısında yeni vəzifələr qoyduğu kimi, postsovet məkanında da geosiyasi reallıqları dəyişdirdi, yeni yaranmış gənc, müstəqil dövlətləri gələcək inkişaf yolunu seçməyə, qlobal prioritetləri müəyyənləşdirməyə sövq etmişdir. İstiqlaliyyət yeni tarixi mərhələ açdı, müttəfiq respublikalar siyasi, iqtisadi və sosial struktura malik müstəqil dövlət qurmaq, daxili və xarici siyasət xəttini müəyyənləşdirmək imkanı qazanmışdılar. Təəssüf ki, 1991 – 1992-ci illərdə Azərbaycanın xarici siyasət xətti qeyri-sabit oldu, müxtəlif səhvlərə yol verildi, geosiyasi tərəfdaş axtarışı, dövlətin xarici siyasət fəaliyyətinin əsas istiqamətləri düzgün müəyyənləşdirilməl idi. Separatizm meyillərinin qarşısının alınmaması, torpaqlarımızın bir qisminin işğalı, siyasi, sosial, iqtisadi və hərbi böhranın dərinləşməsi, xaos və anarxiya mühiti dövlətçilik maraqlarına ağır zərbə vurdu, ölkənin demokratik, hüquqi, dünyəvi dövlətə transformasiyası, bazar iqtisadi münasibətlərinə keçidi real təhlükə ilə üzləşdi. Xalqımız üçün yeganə xilaskar, alternativsiz lider Heydər Əliyev idi. Xalq çevik təşkilatçı, zamanın nəbzini tutan müdrik rəhbər Heydər Əliyevə inanır və güvənirdi. Xalq ona  ləyaqətlə, sədaqətlə, vicdanla xidmətin parlaq nümunəsini yaratmış bu böyük dövlət xadiminə sonsuz ümidlə baxırdı. Xalq əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlamağa çalışır, xaos mühitindən sabitlik dövrünə, tənəzzül girdabından tərəqqi mərhələsinə keçmək üçün yollar axtarırdı. Böyük Öndər xalqın tükənməz məhəbbətini, etibarını və inamını ona fədakarlıqla xidmət etməklə qazanmışdı. Heydər Əliyev sovet dövlətinin rəhbərliyindən istefa verdikdən sonra da öz millətinin haqq səsini ucaltmaqdan çəkinməmişdi. 1990-cı ildə Qanlı Yanvar günlərində Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən Ulu Öndər sovet imperiyasının rəhbərliyini Kremlin bir addımlığında kəskin ittiham etmişdi. Xalq bu böyük şəxsiyyətin xidmətlərini bilir, yüksək dəyərləndirir və ona ehtiram bəsləyirdi. Sonrakı hadisələr göstərdi ki, xalq tarixi inkişafın gedişinə önəmli təsir gücünə malik olan fenomen siyasi liderə – Heydər Əliyevə inamında yanılmamışdır. Heydər Əliyevin özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edəcəyinə xalqın inamı diqqətəlayiq müdriklik nümunəsi idi. “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda ulu öndər bəyan etdi ki, bu mürəkkəb və çətin şəraitdə əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir.

“Bugünkü uğurlarımız belə bir qənaəti böyük əminliklə qeyd etməyə əsas verir ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Ulu öndər Heydər Əliyev bu reallığı əsaslı şəkildə diqqətə çatdırmışdır ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Hazırda Azərbaycan ulu öndər Heydər Əliyevin arzuladığı zirvələri fəth edir. Müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirən Ümummilli Lider onun daimiliyini təmin etmək üçün azərbaycançılıq ideologiyasının formalaşdırılmasına, harada yaşamasından asılı olmayaraq bütün dünya azəbaycanlılarının bir ideya ətrafında sıx birliyinə çağırış etdi”

 Müstəqilliyi elan etmək hər bir xalq, ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz, sarsılmaz etmək bundan da böyük vəzifədir, xoşbəxtlikdir.

“Azərbaycan xalqına, dövlətinə bu xoşbəxtlik nəsib oldu. Müstəqilliyinin daimiliyini təmin edən Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayaraq tarixi Zəfəri şərtləndirən bütün amillərin mövcudluğunu təmin etdi. İqtisadi və siyasi müstəqilliyin yaradılması davamlı uğurlarımızın əsasıdır. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz təbii sərvətlərinin əsl sahibinə çevrildiyinin, bu resurslardan yalnız indiki deyil, gələcək nəsillər üçün də istifadə ediləcəyinə əminliyin ifadəsi oldu. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Bu isə öz növbəsində müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə Ümummilli Liderin hər bir addımı Azərbaycanın uğurlu gələcəyinə yönəlmişdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcək. Müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzi, göstəricisidir”

Vüqar Qələşov,

YAP Neftçala rayon təşkilatının fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir