Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən Millət Atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müddət xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi yüksəlişə nail olmasını, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir.
Ulu öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası həyata keçirmişdir.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinə böyük vüsət vermişdir. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə ulu öndərimiz tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalanmışdır, hüquqi və demokratik islahatların həyata keçirilməsi üçün “Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında” Sərəncam imzalanmışdır. Heydər Əliyevin həyata keçirdiyi demokratik islahatların nəticəsi olaraq, Azərbaycanda Milli Məclisə seçkilər keçirilmiş, müstəqil bələdiyyə institutları formalaşmışdır.
Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” – söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik prinsipləri bu günümüzün, gələcəyimizin əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir. Demokratik inkişafın vacib amillərindən biri kimi, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edirdi. Milli Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası sayəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr, eyni zamanda, məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması əsasdır.
Əli Ələkbərov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü