Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, “Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib”.
Dövlət başçısı deyib: “Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var”. Beləliklə, xalqımızın gələcəklə bağlı öz aydın yolu vardır. Bu yol Heydər Əliyev Yoludur.
Dövlət başçısı xalqa Şuşa müraciətində respublikamızın beynəlxalq miqyasda malik olduğu və ilbəil artan nüfuzundan da söz açdı. Beynəlxalq siyasətlə, dünyada baş verən proseslərlə az-çox maraqlanan hər kəs bilir ki, Azərbaycan dövləti alternativlərdən ən yaxşısını seçməyə, mümkün olan ən əlverişli yol xəritəsi cızmağa qadirdir. Respublikamız yaxın-uzaq ölkələrlə, beynəlxalq aktörlərlə, beynəlxalq qurum və quruluşlarla etibarlı münasibətlər qurmağa qadir və qabildir. Doğrudur, haqlı olmağımız bizim bir üstünlüyümüzdür, lakin uzun illər haqlı ola-ola hansı münasibəti (münasibətsizliyi) gördüyümüzü unutmamışıq. Çağdaş dünya birliyinin bir həqiqəti vardır: yalnız haqlı olmaq yetərli deyil, güclü olmaq lazımdır. Azərbaycan güclü ölkədir, imkanlı ölkədir. Azərbaycanın gücü, imkanları, nüfuzu həm əhalinin sosial rifahına, eyni zamanda bəşəriyyətin xeyrinə, sülhə, ədalətə xidmət edir. Azərbaycanın gücü haqsızlığın qarşısında, haqqın, haqlının yanındadır!
Ağaş Paşayev,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədri